Elvin Camalov: “Daha çox meydanda olmaq üçün bu addımı atdım”

19 Sentyabr 2026 11:55
102
Elvin Camalov: “Daha çox meydanda olmaq üçün bu addımı atdım”

“Əlbəttə, mənim üçün önəmli bir oyun oldu. Çünki çoxdan idi oyun praktikam azalmışdı. “Neftçi”də də az şans qazanırdım, ona görə də belə bir qərar verdim. Bir il də belə otursaydım, karyeramın bitməyinə doğru gedirdim”.

Bu sözləri Misli Premyer Liqasının altıncı turunda “Neftçi”yə məğlubiyyətdən (0:3) sonra “Qəbələ”nin yeni transferi Elvin Camalov deyib.

Təcrübəli yarımmüdafiəçi sabiq komandasından ayrılma səbəblərini və debüt oyununu dəyərləndirib.

“Neftçi”dən ayrılmaq mənim üçün üzücü idi. Onlara, azarkeşlərinə böyük hörmətim var. Sadəcə, daha çox oynamağım üçün bu addımı atdım. “Qəbələ” mənim üçün yad komanda deyil, bu klubun futbol karyeramda çox önəmli yeri var. Bura gəlməyi özümə borc bildim. Yaxşı oyun nümayiş etdirdik, sadəcə, fürsətlərdən istifadə edə bilmədik. “Neftçi” isə keyfiyyətli oyunçulardan ibarətdir və şanslarını dəyərləndirdi. Komandamızda gənclər çoxdur, yeni məşqçimizlə daha çox işləyib yaxşı nəticələr qazanacağıq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

E.Camalov “Qəbələ”yə keçid seçimi və maliyyə güzəştləri barədə də danışıb:

“İki variantım var idi, mən “Qəbələ”ni seçdim. Yayda “Neftçi”də qalmaq istəyirdim, amma daha çox meydanda olmaq üçün müəyyən maddi güzəştlərə getməli oldum. “Neftçi”yə keçməyimi heç vaxt səhv addım saymıram, oradakı xəyalımı gerçəkləşdirdim. Sadəcə, yerli limiti ləğv olunandan sonra daha çox yeni transferlərə güvəndilər, mənə inam azaldı. Bura isə oynamaq və yenidən diqqət mərkəzində olmaq üçün gəlmişəm”.

Futbolçu milli komandaya dəvət almaq arzusunu da dilə gətirib:

“Bir az tez qərar versəydim, bəlkə də millinin son heyətində yer alardım. Milli komandada oynamağı çox istəyirəm. İnanıram ki, “Qəbələ”də mütəmadi meydanda olmaqla yenidən yığmaya namizədlər sırasına düşəcəyəm”.

İdman.Biz