MOİK-in futbolçusu üç oyunluq cəzalandırılıb

3 Noyabr 2026 12:55
111
MOİK-in futbolçusu üç oyunluq cəzalandırılıb

Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin MOİK - “Şahdağ Qusar” oyununda birbaşa qırmızı vərəqə alan meydan sahiblərinin futbolçusu Zahid Mərdanov üç oyunluq cəzalanıb, komandası isə 900 manat cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oktyabrın 27-də keçirilən “Səbail” - “Zirə” görüşünün 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alan “Səbail”in futbolçusu Samuel Nonqoh bir oyunluq cəzalanıb, klubu isə 150 manat cərimə olunub. Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 28-də baş tutan “Şəfa” - “Ağstafa Gəncləri” oyununda həkimi olmadığı üçün “Ağstafa Gəncləri” klubu 100 manat ödəməli olacaq.

Oktyabrın 29-da “Xankəndi” - “Gəncəbasar” matçında 6 futbolçusu sarı vərəqə alan “Xankəndi” komandası 210 manat cərimə olunub. “Zəngəzur” - “Karvan-Yevlax” qarşılaşması təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün meydan sahibləri 200 manat ziyana düşüb.

İdman.Biz