Futbol üzrə İngiltərə Premyer Liqasında beşinci turun oyunları keçirilir. Tur dünən “Brentford” və “Çelsi” arasında baş tutan qarşılaşma ilə start götürüb.
İdman.Biz xəbər verir ki, meydan sahibləri Ceydon Entoni, İqor Tyaqo və Fabio Karvalyonun qolları sayəsində 3:0 hesablı qələbə qazanıblar. Çempionatda hələ məğlub olmayan “Brentford” xallarının sayını doqquza çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
Şənbə günü keçiriləcək oyunlar arasında “Brayton”la son çempion “Arsenal”ın qarşılaşması diqqət çəkir. Bazar günü isə mövsümə uğurlu başlayan “Lids” evdə “Kristal Palas”ı məğlub edərək uğurlu çıxışını davam etdirməyə çalışacaq.
“Brayton” – “Arsenal”
“Arsenal” beşinci tura çempionatın lideri kimi çıxır. London təmsilçisi keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb və 12 xal toplayıb. Eyni xala malik “Mançester Siti”ni top fərqinə görə qabaqlayır. Mikel Artetanın komandası cəmi bir qol buraxıb ki, bu da liqadakı ən yaxşı göstəricidir.
Lakin “Emeks” stadionuna səfər “Arsenal” üçün ciddi sınaq olacaq. “Brayton” da mövsümə inamlı başlayıb və yeddi xalla altıncı pillədə qərarlaşıb. Fabian Hyürtselerin komandasının hücum xətti xüsusilə diqqət çəkir. “Brayton” ilk dörd turda 13 qol vurub və bu, Premyer Liqada ən yüksək göstəricidir. Komanda son turda “Koventri”ni 5:0 hesabı ilə darmadağın edib.
Bununla belə, meydan sahiblərinin heyətində itkilər var. Evan Fergüson, Mats Viffer, Cek Hinşelvud, Kaoru Mitoma, Yankuba Minte və Stefanos Tzimas zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Femi Aziz, Mixail Svoboda və Jauad Hacamın iştirakı isə sual altındadır. “Brayton”un baş məşqçisi Fabian Hyürtseler oyundan əvvəl komandada yeni zədəlilərin olmadığını bildirib.
“Arsenal”ın da itkiləri var. Uilyam Saliba matçda iştirak etməyəcək. Yurien Timber, Ben Vayt, Kristian Mosquera və Piero İnkapiyenin vəziyyəti isə qarşılaşmadan əvvəl qiymətləndiriləcək.
Matça əlavə maraq qatan məqamlardan biri də statistikadır. “Brayton” Premyer Liqada son altı ev oyununda “Arsenal” üzərində qələbə qazana bilməyib. Bu görüşlərin ikisi heç-heçə ilə başa çatıb, dördündə isə “Arsenal” qalib gəlib.
Bununla belə, “Brayton”un cari mövsümə parlaq başlaması lider üçün qarşılaşmanı daha da maraqlı edir. İlk dörd turun ən məhsuldar komandası ilə üz-üzə gələcək “Arsenal”ı çətin sınaq gözləyir.
“Lids” – “Kristal Palas”
Mövsümün ilk bölümünün əsas sürprizlərindən biri “Lids” olub. Daniel Farkenin komandası dörd turdan sonra məğlubiyyət tanımayıb. İki qələbə və iki heç-heçə əldə edən “Lids” səkkiz xal toplayıb və beşinci turun oyunları davam edərkən dördüncü pillədə qərarlaşıb.
“Lids” son oyununda doğma meydanda parlaq çıxış edib. Komanda “Nyukasl”ı 4:1 hesabı ilə darmadağın edib. Yorkşir təmsilçisi çempionatda hələ istənilən nəticəni göstərə bilməyən “Kristal Palas”la görüşdə də uğurlu seriyasını davam etdirməyə çalışacaq.
London klubu dörd turdan sonra cəmi üç xal toplayıb və 16-cı yerdədir. “Qartallar” bir qələbə qazanıb, üç dəfə məğlub olub və qapısında 11 qol görüb. Komanda son turda evdə “İpsviç”ə 2:3 hesabı ilə uduzub.
Bununla belə, “Kristal Palas” həftəiçi avrokuboklarda azarkeşlərini sevindirib. London təmsilçisi Avropa Liqasının liqa mərhələsinin ilk turunda Polşanın “Lex” klubunu 4:0 hesabı ilə darmadağın edib. Qolları Yeremi Pino, Kris Riçards, Yorgen Strand Larsen və Eddi Nketia vurublar.
“Lids”ə səfər öncəsi “Kristal Palas”ın heyətində də problemlər var. Din Henderson, Jan-Filip Mateta və Şadi Riyad zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Aksel Disasi isə cəzalı olduğu üçün matçı buraxacaq.
“Lids”də Co Rodon oynamayacaq. Harri Uilsonun da budun ön əzələsində zədə aldığı bildirilir. Eyni zamanda İlya Qruyev yenidən komandanın sərəncamındadır.
Beşinci turun Bakı vaxtı ilə oyun cədvəli
18 sentyabr
23:00 “Brentford” – “Çelsi” – 3:0
19 sentyabr
15:30 “Tottenhem” – “Aston Villa”
18:00 “Brayton” – “Arsenal”
18:00 “Everton” – “İpsviç”
18:00 “Nyukasl” – “Hall Siti”
20:30 “Nottingem Forest” – “Koventri”
20 sentyabr
17:00 “Bornmut” – “Liverpul”
17:00 “Lids” – “Kristal Palas”
17:00 “Mançester Siti” – “Sanderlend”
19:30 “Fulhem” – “Mançester Yunayted”
Şənbə gününün oyunlarından əvvəl turnir cədvəli
“Arsenal” – 12 xal
“Mançester Siti” – 12
“Brentford” – 9
“Lids” – 8
“Hall Siti” – 8
“Brayton” – 7
“Çelsi” – 7
“Liverpul” – 6
“Everton” – 6
“İpsviç” – 6
“Nottingem Forest” – 5
“Nyukasl” – 5
“Mançester Yunayted” – 4
“Sanderlend” – 4
“Bornmut” – 3
“Kristal Palas” – 3
“Tottenhem” – 2
“Fulhem” – 1
“Aston Villa” – 1
“Koventri” – 0.
