Qadın futbolu hələ də geniş auditoriya qazana bilməsə də, bəzi futbolçular dünya miqyasında böyük maraq doğurmağı bacarır.
İdman.Biz xəbər verir ki, uzun müddət fanatlar arasında “dünyanın ən cazibədar futbolçusu” kimi tanınan isveçrəli Alişa Lemann bu siyahının önündə idi.
Lakin ötən ildən etibarən diqqətlər braziliyalı Kiana Dyufura yönəlib və o, bir çoxlarının fikrincə bu statusu əlindən alıb.
Braziliya futbolunun “kraliçası” adlandırılan Kiana Dyufur gözəlliyi hətta Neymar, Vinisius və Ueston Makkenni kimi ulduz futbolçuların da diqqətini çəkib.
San-Paulu şəhərində doğulan, haitili köklərə malik Dyufur sonradan ailəsi ilə Kanadaya köçüb və məhz orada futbola maraq göstərməyə başlayıb.

Uşaqlıq və yeniyetməlik illərində tez-tez oğlanlarla yarışan Kiana bu sayədə həm texnikasını təkmilləşdirib, həm də güclü atletik quruluş formalaşdırıb.
Onun həyat yolundakı ən çətin məqamlardan biri bud-çanaq oynaqlarının displaziyası olub və Dyufur yeniyetməlik dövründə bu problemə qarşı mübarizə aparıb.
15 yaşında iki ağır əməliyyat keçirən futbolçu uzun fizioterapiyadan sonra yenidən qaçmağı və futbol oynamağı bacarıb.
Gənclərdən ibarət Haiti yığmalarındakı çıxışı Kiananı skautların diqqət mərkəzinə gətirib və 2025-ci ilin qışında o, Cənubi Missisipi Universitetinin qadın komandasına transfer olunub.
ABŞ-yə köçdükdən sonra cəmi 19 yaşlı Dyufur qısa müddətdə sosial şəbəkələrdə əsl internet ulduzuna çevrilib və reklam müqavilələri imzalayıb.

Bununla yanaşı, bəzi istifadəçilər futbolçunu fotolarını redaktə etməkdə ittiham edib, xüsusilə atası ilə paylaşdığı bir şəkil böyük müzakirələrə səbəb olub.
Hər halda, Kiana Dyufur özü model karyerası arzusunu gizlətmir və futbol meydanındakı əzmkarlığı ilə yanaşı, populyarlığını da artırmaqda davam edir.
