“Brayton” Balebanı satmaq niyyətində deyil

Xəbərlər
5 Yanvar 2026 01:48
58
“Brayton” Balebanı satmaq niyyətində deyil

“Brayton end Houv Albion” klubunun rəhbəri Pol Barber yarımmüdafiəçi Karlos Balebanın gələcəyi ilə bağlı yayılan transfer şayiələrinə münasibət bildirib və futbolçunun satışının planlaşdırılmadığını vurğulayıb.

İdman.Biz xəbər verir ki, klubun icraçı sədri talkSPORT-a açıqlamasında “Mançester Yunayted” və digər Premyer Liqa klublarının marağına baxmayaraq, Baleba ilə yolların ayrılmasının nə bu transfer pəncərəsində, nə də gələcəkdə gündəmdə olmadığını deyib.

“Kimsədən heç bir zəng almamışıq. Karlosla ayrılmaq üçün nə planımız, nə də istəyimiz var. Onun böyük potensialı var, amma mövsümün ikinci yarısında bizim üçün çox vacib fiqurdur və Afrika Millətlər Kubokundan qayıtmasını səbirsizliklə gözləyirik”, - deyə Barber bildirib.

Qeyd edək ki, daha əvvəl mediada “Liverpul”un da Baleba uğrunda mübarizəyə qoşulduğu və “Mançester Yunayted”lə “Tottenhem”ə rəqib olduğu yazılmışdı.

Kamerunlu futbolçu 2023-cü ilin yayından “Brayton”da çıxış edir və bütün turnirlər üzrə 96 oyunda meydana çıxaraq dörd qol vurub, iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə Balebanın bazar dəyəri 60 milyon avrodur (120 milyon AZN).

İdman.Biz