Azərbaycan Birinci Liqasının fasiləyə qədər olan hissəsini məğlubiyyətsiz başa vuran “Şəfa”da çempionluq üçün uyğun şərait yaradılıb və büdcə ayrılıb.
Bunu komandanın baş məşqçisi Elgiz Kərəmli deyib.
Mütəxəssis çempionluq uğrunda mübarizə apardıqlarını söyləyib.
“Əvvəlcədən məqsəd çempionluq olduğu üçün buna uyğun şərait yaradılıb və büdcə ayrılıb. Həmçinin uğurlu seleksiya apardıq. Yaxşı komanda formalaşdırdıq, təşkilatlandıq və baxımlı futbol sərgilədik. Bunlar pillə-pillə görülən işlərdir. Hansısa biri olmadıqda, nəticə qazanamaq qeyri-mümkündür. Hər şeyi dəqiq hesabladıq, düzgün iş gördük deyə, nəticə də qazandıq. Bu sabitliyi qoruyub saxlamaq bizdən asılıdır. İşimizi eyni qaydada davam etdirsək, sabitliyi qoruyub saxlaya bilsək, əlbəttə, uğurlu nəticələrin davamı gələcək”, - deyə o, “Report”a açıqlamasında bildirib.
O, qış fasiləsində heyəti gücləndirəcəklərini bildirib:
“Düşünürük ki, fasilədə rəqiblər də güclənəcək. Çempionatın ağırlığı, yükü artacaq. Təbii ki, biz də buna uyğun heyəti gücləndirəcəyik. Çox da böyük transferlər gözlənilmir. Sadəcə, hücum xəttinə bir-iki futbolçu cəlb edəcəyik. Komandadan gedənlər də olacaq. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə, kim bizə uyğun olacaqsa, kömək edəcəksə, onları komandada saxlayacağıq”.
Qeyd edək ki, “Şəfa” hazırda 30 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda geridə qalan 12 turda 9 qələbə qazanıb, 3 heç-heçə edib.
