“Əlimizdən gələn hər şeyi edirik ki, komandanı liqada saxlayaq. Yevlax klubu uzun fasilədən sonra elitaya yüksəlib”.
Bunu “Karvan-Yevlax”ın futbolçusu Əli Abdullayev sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Sizcə, “Neftçi” ilə oyunda qələbəni əldən verməyinizə nə səbəb oldu?
- Əlimizdən gələn hər şeyin ən yaxşısını etməyə çalışdıq ki, ən azı bir xal qazanaq, azarkeşlərimizi sevindirək. Sona qədər də mübarizəmizi apardıq, amma son dəqiqələrdə olan penalti məğlubiyyətə yol açdı.
- Füzuli Məmmədovun gəlişindən sonra komandada nə dəyişib?
- Özünüz də görürsünüz ki, komanda daha keyfiyyətli, daha yaxşı futbol oynayır. Özümüzü yaxşı hiss edirik. Bir az da vuruşub əlimizdən gələn hər şeyi edib, komanda şəklində düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq.
- “Karvan-Yevlax” elitadan düşməmək üçün mübarizə aparır. Bunu bacaracaqsız?
- Əlimizdən gələn hər şeyi edirik ki, komandanı liqada saxlayaq. Yevlax klubu uzun fasilədən sonra elitaya yüksəlib. Aşağı liqaya düşmək istəmirik. Belə azarkeşi olan bölgəyə böyük futbol yaraşır. Fürsətdən istifadə edib azarkeşlərə də təşəkkürümü bildirirəm. Onların dəstəyinə həqiqətən çox ehtiyacımız var.
- Qış fasiləsindən sonra komandadan nə gözləmək olar?
- Daha çox çalışmalıyıq ki, düşdüyümüz bu vəziyyətdən çıxaq. Özünüz də görürsünüz ki, komanda hər oyundan-oyuna daha da çox inkişaf edir, daha yaxşı oyun nümayiş etdirir. Bəzən şanssızlıq da olur. “Neftçi” ilə qarşılaşmada erkən qol vursaq da qeydə alınmadı. Son dəqiqələrdə isə ani diqqətsizlikdən səhv etdik və rəqib penaltidən bizi cəzalandırdı.
