“Qaradağ Lökbatan”ın baş məşqçisi: “Bu il çempionluğa oynayan komandaların sayı çoxdur”

16 Sentyabr 2026 13:48
91
“Qaradağ Lökbatan”ın baş məşqçisi: “Bu il çempionluğa oynayan komandaların sayı çoxdur”

“Geridə qalan üç turda fərqli, bəlkə də gözlənilməz nəticələr qeydə alınıb. Demək olar ki, bütün komandalar bir-birinə qalib gələ biləcək gücdədirlər”.

Bu sözləri “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə deyib.

O, komandasının İkinci Liqanın üçüncü turunda “Şəki”yə 8:1 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb.

“Bu il ötən mövsümlə müqayisədə daha maraqlı və rəqabətli keçəcək. Ötən “futbol ili”ndə mübarizə əsasən iki komanda arasında gedirdisə, bu il artıq komandaların güc nisbəti daha yaxındır və çempionluğa oynayanların sayı da çoxdur. “Şəki” ilə görüşün 8:1 hesabı ilə bitəcəyini gözləyirdim desəm, yalan olar. Açığı, belə nəticə bizim üçün də gözlənilməz oldu. Çox istərdim ki, üç matçdan sonra doqquz xal toplayaq. Təəssüf ki, “Şirvan”la matçda hava şəraitinə görə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Güclü külək bizə mane oldu. Belə hava şəraitində komandadan istədiyimiz oyunu tələb etmək də çətin idi”, - deyə o sport24.az-a açıqlamasında bildirib.

Gənc mütəxəssis “Qaradağ Lökbatan”ın bu mövsüm üçün hədəflərini açıqlayıb:

“Bu mövsüm üçün ilk növbədə hədəfimiz yaxşı futbol oynamaq və hər oyunda özümüzü daha yaxşı tərəfdən göstərməkdir. Əsas istəyimiz mövsüm ərzində sabit çıxış etmək, yaxşı nəticələr qazanmaq və qarşıya qoyulan məqsədə addım-addım yaxınlaşmaqdır”.

Qeyd edək ki, “Qaradağ Lökbatan” turnir cədvəlində altı xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz