Misli Premyer Liqasının 16-cı turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “Qarabağ” ili qələbə ilə başa vurub. Matçdan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunun və ümumilikdə mövsümün gedişini dəyərləndirib.
İdman.Biz xəbər verir ki, Qurbanov ilk növbədə nəticənin və futbolçuların sağlamlığının önəmini vurğulayıb. O bildirib ki, əsas məqsədlərindən biri ili zədəsiz başa vurmaq olub və qazanılan üç xal bu baxımdan çox yerinə düşüb.
Baş məşqçi 2025-ci ili ümumilikdə uğurlu hesab etdiyini bildirib. Onun sözlərinə görə, çətin və gərgin mövsüm keçsə də, “Qarabağ” Çempionlar Liqasında yüksək səviyyədə mübarizə aparıb, qələbələr qazanıb və futbolçular ciddi təzyiqə dözümlülük nümayiş etdiriblər.
İlin ən yaxşı futbolçusu mövzusuna toxunan mütəxəssis konkret ad çəkmək istəməyib. O, yerli oyunçuların hamısının dəyərli olduğunu bildirib və Bəhlul Mustafazadə ilə Elvin Cəfərquliyevin mövsüm ərzində stabil çıxışlarını qeyd edib.
Transfer məsələlərinə gəlincə, Qurbanov bir çox futbolçuya qeyri-rəsmi təkliflərin olduğunu açıqlayıb. O, bu cür söz-söhbətlərin komandada diqqət yayındırdığını və Çempionlar Liqasının qarşıdakı oyunları öncəsi heyəti qorumağın əsas hədəf olduğunu deyib. Baş məşqçi qış fasiləsində futbolçu itkisi istəmədiyini açıq şəkildə ifadə edib.
Pedro Bikalyonun adı ətrafında dolaşan transfer xəbərlərinə də sərt münasibət bildirən Qurbanov, yalnız ciddi və rəsmi təkliflərin qəbul edilə biləcəyini vurğulayıb:
"Bura “Qarabağ”dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da “başı” gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir”.
