“Milli komandaların oyunlarına görə yaranmış fasilədə üç yoldaşlıq oyunu keçirmişik. Bu görüşlərdə çempionatda daha az oynayan futbolçulara şans verdik”.
Bu sözləri “Şahdağ Qusar”ın baş məşqçi Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis fasilə zamanı keçirdikləri yoxlama görüşlərini və qarşıdakı “Zaqatala” matçı ilə bağlı fikirlərini bölüşüb.
“Mənim üçün futbolçunun meydanda göstərdiyi əzmkarlıq və verilən tapşırıqları yerinə yetirməsi çox önəmlidir. Belə oyunlar həm onların hazırkı vəziyyətini görmək, həm də komandada rəqabəti artırmaq baxımından faydalıdır.
Fasilədən sonra “Zaqatala” ilə qarşılaşmamız var. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Bir komanda çempionluğa oynayırsa, hər matçda qalib gəlməli və bütün oyunlara eyni məsuliyyətlə yanaşmalıdır. Bizim üçün hər qarşılaşma vacibdir. Futbolçularım çox məsuliyyətlidirlər. İnanıram ki, “Zaqatala” ilə oyunda da bunu meydanda göstərəcəklər”, - deyə o, sport24.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Şahdağ Qusar” Birinci Liqada üç turdan sonra doqquz xalla liderdir.
