“Hamımız peşmanıq. Hamımız ancaq qələbəni fikirləşirdik. Yenə də çoxlu epizoda girdik, təəssüf ki, onları qola çevirə bilmədik”.
Bu sözləri Azərbaycan millisinin futbolçusu Ayxan Hüseynov UEFA Millətlər Liqasında Lixtenşteynlə keçirilən heç-heçə (0:0) matçından sonra deyib.
Milli komandamızın üzvü qol imkanlarından istifadə edə bilməmələrindən və nəticənin gətirdiyi məyusluqdan söz açıb.
“Bilmirəm, əslində niyə belə etdik. Neçənci oyundur ki, belə yaxşı imkanlar yaradırıq, amma onları qola çevirə bilmirik. Özümüz də başa düşmürük ki, niyə. Oturub fikirləşməliyik ki, növbəti oyunda daha konsentrasiyalı, daha istəkli meydana çıxaq və qələbə qazanaq. Əlbəttə, bu nəticə bizi qıcıqlandırır. Onlar üçün bəlkə də qələbə kimidir, amma bizdə elə bil məğlubiyyət kimi oldu bu bir xal. Çünki biz ancaq qələbəni düşünürdük. Alınmadı. Futbol belədir. Qələbə qazanmaq istəyirsənsə, qol vurmalısan”, - deyə o qol.az-a açıqlamasında vurğulayıb.
A.Hüseynov bu oyunu unudaraq növbəti sınağa - Litva ilə qarşılaşmaya köklənməyin vacibliyini və azarkeşləri sevindirmək istədiklərini vurğulayıb:
“İnşallah, gələn oyuna üç gün var. Çalışıb maksimum hazırlaşacağıq. Bu oyunu yadımızdan çıxarıb Litva ilə qarşılaşmaya hazırlaşacağıq. Yenə deyirəm, epizodlarımız var idi. Əslində 6-7 qol vura bilərdik. Onları vursaydıq, bu gün hamı sevinə-sevinə burada gülüb danışardı. Amma edə bilmədik. İnşallah, Litva ilə oyunda bunları həyata keçirməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
