“Qarabağ”ın yarımmüdafiəçisi ilə bağlı “İnter” iddialarına agentdən cavab

Xəbərlər
21 Dekabr 2025 17:45
55
“Qarabağ”ın yarımmüdafiəçisi ilə bağlı “İnter” iddialarına agentdən cavab

Azərbaycan çempionu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun Braziliyanın “İnternasional” klubu ilə danışıqlar apardığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Futbolçunun agenti beynəlxalq mətbuatda yer alan xəbərlərə münasibət bildirərək bu iddiaları təkzib edib.

İdman.Biz xəbər verir ki, daha əvvəl türkiyəli jurnalist Ekrem Konur “İnter”in 24 yaşlı yarımmüdafiəçini izlədiyini iddia etmişdi. Lakin oyunçunun agenti Brenu Şartye bu məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.

O, “br.bolavip” portalına verdiyi müsahibədə, “bu, reallığa uyğun deyil. Tamamilə əsassızdır”, - deyə bildirib və Braziliya klubu ilə heç bir əlaqənin olmadığını vurğulayıb.

Pedro Bikalyo cari mövsümü “Qarabağ”ın heyətində uğurla keçirir. O, bütün turnirlərdə 25 matçda iştirak edib. Yarımmüdafiəçi Çempionlar Liqasında “Ayaks” və “Napoli” kimi rəqiblərə qarşı oyunlarda forma geyinərək Avropa bazarında diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, daha əvvəl “Botafogo” futbolçu üçün satınalma şərti ilə icarə təklifi göndərsə də, bu təklif qəbul olunmayıb. “Qarabağ” rəhbərliyi Pedro Bikalyonu əsas oyunçulardan biri hesab edir və onun mümkün gedişini yalnız tam transfer şərtləri ilə müzakirə etməyə hazırdır. Məlumata görə, yarımmüdafiəçiyə Portuqaliyanın “Braqa” və Türkiyənin “Sivasspor” klubları da maraq göstərir, lakin futbolçunun yüksək qiyməti mümkün razılaşmaları çətinləşdirir.

İdman.Biz