“Dünənki oyunda hamı Azərbaycan millisindən qələbə gözləyirdi. Təəssüf ki, komandaya qalibiyyət üçün qol çatmadı. Yığmamızın Lixtenşteynlə heç-heçə etməsi gözlənilən nəticə deyildi”.
Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə qolsuz heç-heçə etdiyi oyun barədə danışarkən deyib.
Mütəxəssis millinin heyətinin zəif futbolçulardan təşkil olunduğu fikri ilə razılaşmadığını bildirib.
“Komandada avrokuboklarda kifayət qədər oyun keçirmiş futbolçular var. Əlbəttə ki, nəticə hamının gözlədiyi kimi olmayanda baş məşqçinin üzərində də çoxlu suallar yaranır. Qarşıda bizi daha iki oyun gözləyir. Bu görüşlərdə qələbə qazanmaq və baxımlı futbol nümayiş etdirməklə futbolçular hər kəsin fikrini dəyişə bilərlər”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, hazırda aktivində iki xalı olan Azərbaycan millisi qrupda ikinci pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv növbəti matçını oktaybrın 4-də Bakıda Litvaya qarşı keçirəcək.
