Lixtenşteyndə yarıpeşəkar yığmanın Bakıdakı heç-heçəsinə necə reaksiya verdilər? - İDMAN.BİZ-in İCMALI

2 Oktyabr 2026 11:23
105
Lixtenşteyndə yarıpeşəkar yığmanın Bakıdakı heç-heçəsinə necə reaksiya verdilər? - İDMAN.BİZ-in İCMALI

Lixtenşteyn yığmasının Azərbaycanla Millətlər Liqasının oyununda 0:0 hesablı heç-heçəsi knyazlıq mətbuatında geniş əks-səda doğurub.

İdman.Biz xəbər verir ki, Lixtenşteynin nəşrləri Bakıda əldə olunan nəticəni komanda üçün ciddi uğur kimi qiymətləndirib. Yazılarda qonaqların mübarizliyi və müdafiədəki inamlı oyunu xüsusi qeyd olunub.

Belə ki, “Vaterland” qəzeti “Sonadək ürəklə mübarizə apardılar” başlıqlı yazı dərc edib. Məqalədə Lixtenşteyn yığmasının “nəhayət, yaxşı çıxışının bəhrəsini gördüyü” vurğulanıb. Nəticənin əsasını etibarlı müdafiə, fədakarlıq və əzmkarlığın təşkil etdiyi qeyd olunub.

“Lie24” nəşri isə daha diqqətçəkən məqama toxunub. Nəşr qonaqların yalnız heç-heçəyə deyil, qələbəyə də yaxın olduğunu bildirib. Görüşün 89-cu dəqiqəsində Lixtenşteyn futbolçuları “üç nəfərin iki rəqibə qarşı” olduğu əks-hücum imkanı əldə etsələr də, son mərhələdə topdan düzgün yararlana bilməyiblər.

Lixtenşteyn Futbol Federasiyasının rəsmi saytı isə qarşılaşmanın nəticəsini “bir qədər bəxti gətirmiş, lakin layiq görülən” heç-heçə kimi qiymətləndirib. Hesabatda həmçinin qeyd olunub ki, görüş ərzində qonaqlar təşkilatlanmış oyunları ilə meydan sahiblərini getdikcə daha çox çıxılmaz vəziyyətə salıblar.

“Landesspiegel” nəşri isə Bakıdakı heç-heçəni Achtungserfolg – “layiqli uğur” ifadəsi ilə xarakterizə edib. Məqalənin müəllifi Azərbaycan yığmasının hesabı aça bilmədikcə meydan sahiblərinin üzərindəki gərginliyin artdığını da vurğulayıb.

Mətbuatda ironik qeydlərə də yer verilib. “Vaterland”ın oyundan əvvəlki canlı mətn yayımında Bakıda yüksək azarkeş sayının gözlənilməsi ilə bağlı səsləndirilən fikirlər xatırladılıb və real tamaşaçı sayının gözləniləndən xeyli az olduğu qeyd olunub. Qarşılaşma zamanı nəşrin jurnalisti Azərbaycan millisinin istifadə edə bilmədiyi qol imkanlarına da bir neçə dəfə diqqət çəkib.

Beləliklə, Lixtenşteyndə Bakıda əldə olunan heç-heçə, demək olar ki, kiçik bir qələbə kimi qarşılanıb. Heyətinin əhəmiyyətli hissəsini yarıpeşəkar və həvəskar klublarda çıxış edən futbolçuların təşkil etdiyi ölkə yığması üçün səfərdə Azərbaycanla oyunda əldə olunan bu nəticə son dövrün ən diqqətçəkən uğurlarından biri hesab olunur.

Qeyd edək ki, Lixtenşteyn Azərbaycan yığması ilə oyunlarda bundan əvvəl də müsbət nəticə əldə edib. AVRO-2000-in seçmə mərhələsində knyazlıq komandası Azərbaycanı sensasiyalı şəkildə 2:1 hesabı ilə məğlub edib. 2010-cu il dünya çempionatının seçmə mərhələsində isə Lixtenşteyn Bakıda 0:0 hesablı heç-heçəyə nail olub. Digər üç qarşılaşmada isə Azərbaycan qalib gəlib: AVRO-2000-in seçmə mərhələsində 4:0, 2010-cu il dünya çempionatının seçmə mərhələsində 2:0, 2013-cü ildə keçirilən yoldaşlıq görüşündə isə 1:0.

İdman.Biz