Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunun təxirə salınmış duelində “Sabah”ın “Qarabağ” üzərində qazandığı qələbə ölkə çempionatında liderin dəyişməsinə səbəb olub. Hazırda turnir cədvəlinə Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv başçılıq edir.
Bu qələbənin təsadüfi, yoxsa qanunauyğun olması, həmçinin “Sabah”ın çempionatda ağdamlıların hegemonluğuna son qoya bilib-bilməyəcəyi ilə bağlı suallarla İdman.Biz 2017-ci ildə yaradılan klubun tarixində ilk baş məşqçi olmuş Arif Əsədova müraciət edib.
Vaxtı ikən futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olmuş Arif Əsədov söyləyib ki, son oyunlarda “Sabah” inkişafı ilə bərabər, baş məşqçinin işi də açıq şəkildə özünü göstərməkdədir.
“Buna görə də hesab edirəm ki, bu qələbə təsadüfi deyil. Bu, “Sabah” kollektivinin birgə və məhsuldar əməyinin nəticəsidir. İndi əsas məsələ sabitliyi qorumaq və mütləq qələbə qazanmalı olduqları oyunlarda planlaşdırılmamış xal itkilərinə yol verməməkdir. Yalnız bu halda çempionluq uğrunda real mübarizədən danışmaq olar. Düşünürəm ki, əsas rəqabət hələ qarşıdadır. Bu gün yalnız bir məqamı dəqiq söyləmək olar: “Qarabağ” böyük ehtimalla bu dəfə çempionluğu adətən etdiyi kimi finişə bir neçə tur qalmış rəsmiləşdirə bilməyəcək”, – deyə Arif Əsədov fikrini tamamlayıb.
Məlumat üçün əlavə edək ki, hazırda Futbol üzrə Azərbaycan Premyer Liqasının turnir cədvəlinin üst sıralarında qərarlaşan klublar arasında xal fərqi yüksək deyil.
