Nigeriya və Kamerun Konqo millisindən FIFA-ya rəsmi şikayət ünvanlayıb

Xəbərlər
17 Dekabr 2025 13:10
28
Nigeriya və Kamerun Konqo millisindən FIFA-ya rəsmi şikayət ünvanlayıb

Nigeriya və Kamerun Konqo Demokratik Respublikasının(KDR) DÇ-2026-nın pley-offundan kənarlaşdırılmasını tələb edir.

İdman.Biz bu barədə “Championat” nəşrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hər iki ölkə bu iddia ilə FIFA-ya rəsmi şikayət ünvanlayıb.

Şikayətdə bildirilir ki, seçmə mərhələdə KDR millisinin heyətində bu yığmada çıxış etmək hüququ olmayan 6-9 futbolçu yer alıb. İddialara görə, həmin oyunçular Avropa pasportlarına malikdirlər və KDR qanunvericiliyinin qadağan etdiyi ikili vətəndaşlıqdan rəsmi imtina prosedurunu keçməyiblər.

Qeyd olunur ki, FIFA-nın reqlamenti bu məsələdə daha yumşaqdır və sadəcə futbolçunun təmsil etdiyi ölkənin pasportunun təqdim olunmasını tələb edir. Konqolu oyunçuların KDR pasportları təqdim edildiyindən, FIFA onların iştirakına icazə verib. Lakin nigeriyalı tərəf FIFA-nın aldadıldığını və KDR-nin öz konstitusiyasını pozaraq heyət formalaşdırdığını iddia edir.

Afrika zonası üzrə son seçmə mərhələdə Kamerun və Nigeriyanı məğlub edən KDR qitələrarası pley-offa yüksəlib, lakin Nigeriya tərəfi mart ayına qədər məsələnin araşdırılacağına və DÇ-2026 uğrunda mübarizəni özlərinin davam etdirəcəyinə ümid edir.

İdman.Biz