“Vaxtında qollar vurmadıq. Matça erkən qolla başlasaq da, ardını gətirə bilmədik”.
Bunu “Turan Tovuz”un müdafiəçisi Roderik Miller futbolxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan kubokunun 1/4 finalında I Liqa təmsilçisi “Şahdağ-Qusar” üzərində 2:1 hesablı qələbə qazandınız. Görüşü necə şərh edərdiniz?
- Kubok oyunu idi. Ağır qarşılaşma alındı. Açıq demək lazımdır ki, bizim üçün qarşılaşma çətin keçdi. Ən vacib odur ki, qələbə qazandıq və mərhələ adladıq.
- Oyunun çətin keçməyinin səbəbi nə idi? Arxayınçılıq ola bilər?
- Vaxtında qollar vurmadıq. Matça erkən qolla başlasaq da, ardını gətirə bilmədik. Halbuki daha inamlı çıxış etmək lazım idi. Hesab arasındakı fərqi vaxtında artırsaydıq, bizim üçün görüş daha rahat keçərdi.
- Növbəti mərhələdə “Kəpəz”lə üz-üzə gələcəksiniz. Gəncə klubunun “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırmasını sürpriz hesab edirsiniz?
- Sürpriz deməzdim. Əslində bizim üçün elə bir fərqi yox idi. “Kəpəz” də, “Araz-Naxçıvan” da yaxşı komandadır.
- Ümumiyyətlə, kubokda “Turan Tovuz”un hədəfi nə qədər irəli getməkdir?
- Hədəf maksimum irəli getmək və kuboku qazanmaqdır.
- Bunu nə dərəcədə real hesab edirsiniz?
- Çox çalışsaq, hədəfimizə çata bilərik. Kubokda növbəti mərhələ gələn il olacaq. Zaman var.
- Ölkə çempionatında son 3 turda qələbə qazana bilməmisiniz. Uğursuz seriyaya “Qəbələ” səfərində son qoymaq mümkün olacaq?
- Həmin matçda hədəfimiz 3 xaldır. Dediyiniz kimi, son turlar bir qədər nəticələrimiz ürəkaçan olmadı. Ona görə də “Qəbələ” ilə görüşdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlində daha da yuxarı pillələrə qalxmaq istəyirik.
- Məlumdur ki, “Turan Tovuz”un qarşısına çempionluq tapşırığı qoyulub. Siz isə kuboku qazanmağı da hədəflədiyinizi dediniz. Komandanın gücü sona qədər hər iki cəbhədə mübarizə aparmağa imkan verəcək?
- Hazırda zədəlilərimiz var. İnanıram ki, onlar tezliklə sıraya dönəcəklər. Tam heyətlə hər iki cəbhədə sona qədər mübarizə aparmağa qadirik. Sadəcə dayanmadan çalışmaq, daha da inkişaf etmək lazımdır.
