İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək - İDMAN.BİZ-in İCMALI

Xəbərlər
6 Dekabr 2025 13:28
52
İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək - İDMAN.BİZ-in İCMALI

Dekabr İngiltərədə yenidən “oyun ardınca oyun” ritmində keçir. Komandalar həftənin ortasında XIV turun matçlarını başa vurub, artıq həftəsonu onları İngiltərə Premyer Liqanın XV turu gözləyir.

İdman.Biz xəbər verir ki, turun əsas qarşılaşmaları turnir cədvəlinin üst sıralarını təmsil edən iki duel olacaq: “Aston Villa” – “Arsenal” və “Mançester Siti” – “Sanderlend”.

“Aston Villa” – “Arsenal” (6 dekabr)

Lider “Arsenal” hazırda üçüncü pillədə olan və titul uğrunda mübarizədə baş rəqiblərdən biri sayılan “Aston Villa”nın qonağı olacaq. Komandalar arasındakı xal fərqi cəmi altıdır və bu oyun çempionluq yarışına ciddi təsir edə bilər.

Matçın əlavə intriqası isə “Emeri faktoru” ilə bağlıdır. “Aston Villa”nı hələ də “Arsenal”ın sabiq baş məşqçisi Una Emri çalışdırır. Mikel Arteta isə görüşdən əvvəl bildirib ki, Birminhem səfərini “imkan” kimi görür və qeyd edib ki, “Aston Villa” son mövsümlərdə londonlulara böyük çətinliklər yaradıb. Hər iki komanda oyuna həftəiçi matçından cəmi 72 saat sonra çıxacaq.

Kadr durumu da gərgindir. “Arsenal”da Deklan Rays və Kriştian Moskeranın iştirakı sual altındadır. Uilyam Saliba və Leandro Trossar barədə qərar isə oyuna yaxın veriləcək. “Villa”da da bir neçə vacib qeyri-müəyyənlik var, o cümlədən qapıçı Emiliano Martineslə bağlı vəziyyət hələ də tam aydın deyil.

“Mançester Siti” – “Sanderlend” (6 dekabr)

“Ettihad Arena”da çempionatın ikinci və altıncı yerlərində qərarlaşan komandalar üz-üzə gəlir. Pep Qvardiola bildirib ki, “Sanderlend” XIV turun nəticəsində cədvəldəki yerini təsadüfən tutmayıb. Statistikaya nəzər yetirdikdə bu fikrin təsdiqini tapmaq olur: “qara pişiklər”in 23 xalı var və onlar favoritlərə qarşı özlərini yaxşı tərəfdən göstəriblər — “Liverpul”la 1:1 hesablı görüş buna sübutdur.

“Şəhərlilər”in hücum xətti güclüdür: komanda artıq 32 qol vurub, Erlinq Haland isə 15 qolla bombardirlərə başçılıq edir. Qvardiolanı narahat edən əsas məsələ müdafiədəki qeyri-sabitlikdir — “Siti” mövsümdə 16 qol buraxıb. Ev sahibləri üçün ən böyük itki – yarımmüdafiəçi Rodrinin zədəsinə görə oynamayacağıdır. “Sanderlend”də yeni zədə yoxdur, lakin Aci Alese, Habib Diarra, Dennis Serkin və Leo Hyelde hələ də sıradan kənardadır.

XV turun digər qarşılaşmaları

6 dekabr

“Bornmut” – “Çelsi”

“Everton” – “Nottingem Forest”

“Lids” – “Liverpul”

“Nyukasl” – “Bernli”

“Tottenhem” – “Brentford”

7 dekabr

“Brayton” – “Vest Hem”

“Fulhem” – “Kristal Pelas”

“Vulverhempton” – “Mançester Yunayted”

Premyer Liqanın XIV turdan sonra cədvəli

Arsenal – 33

Mançester Siti – 28

Aston Villa – 27

Çelsi – 24

Kristal Pelas – 23

Sanderlend – 23

Brayton – 22

Mançester Yunayted – 22

Liverpul – 22

Everton – 21

Tottenhem – 19

Nyukasl – 19

Brentford – 19

Bornmut – 19

Fulhem – 17

Nottingem Forest – 15

Lids – 14

Vest Hem – 12

Bernli – 10

Vulverhempton – 2

Teymur Tuşiyev

İdman.Biz