“Qarabağ” gənc seneqallı hücumçu ilə güclənə bilər

Araşdırma
6 Dekabr 2025 12:08
85
“Qarabağ” gənc seneqallı hücumçu ilə güclənə bilər

Ağdamın “Qarabağ” klubu Belçikanın ikinci divizionunda çıxış edən hücumçuya maraq göstərir.

İdman.Biz-in Africafoot-a istinadən məlumatına görə, Azərbaycan təmsilçisi 22 yaşlı seneqallı forvard Umar Diufa maraq göstərir.

Gənc oyunçu bu mövsüm Belçikanın “Challenger Pro League”da “Liege” klubunun heyətində parlaq çıxışı ilə seçilir.

Məlumata əsasən, Diuf bir neçə Avropa klubunun maraq dairəsindədir. Onlar arasında “Qarabağ”, Belçika Birinci Liqasının təmsilçisi “Sint-Trüiden” və İspaniya ikinci divizionundan bir komanda yer alır. “Liege” futbolçusunu 2 milyon avro dəyərində qiymətləndirib.

“Sint-Trüiden” artıq 1,2 milyon avro təklif etsə də, “RFC Liege” bu məbləği kifayət hesab etməyib. Hücumçuya Rusiya klubunun da maraq göstərdiyi bildirilir, lakin həmin komandanın adı açıqlanmayıb. Bununla belə, Diufun Rusiyanı prioritet seçim kimi görmədiyi qeyd olunur.

Umar Diuf cari mövsümdə “RFC Liege”nin heyətində 17 matçda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir və daha bir il uzadılma şərti mövcuddur. O, yayda uğurlu baxışdan sonra - yoldaşlıq görüşlərində beş qol vurduqdan sonra - Belçika klubuna transfer olunub.

Bundan əvvəl Diuf Türkiyənin “Rizespor” klubunda və Şimali Kipr Superliqasının “Genclik Gücü” komandasında çıxış edib.

Teymur Tuşiyev

İdman.Biz