Tibo Kurtua Arauxonu müdafiə etdi

Xəbərlər
4 Dekabr 2025 16:59
17
Tibo Kurtua Arauxonu müdafiə etdi

İspaniyanın “Real Madrid” futbol klubunun qapıçısı Tibo Kurtua “Atletik” üzərində qazanılan qələbədən sonra Vinisius Juniora yönələn təhqirlərlə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, belçikalı qolkiper məsələni şərh edərkən “Barselona”nın müdafiəçisi Ronald Arauxonun son günlər yaşadıqlarını nümunə göstərib.

“Vinisiusa edilən təhqirlər? Bu, çətindir. O sakit qalmağa çalışır, amma bunun da bir limiti var. Biz də insanıq. Arauxoya nə baş verdiyinə baxın”, - deyə Kurtua bildirib.

Kurtua Arauxonun Çelsi ilə oyunda qırmızı vərəqə aldıqdan sonra sosial şəbəkələrdə kütləvi təhqirlərə məruz qaldığını xatırladıb:

“Çelsi matçından sonra onun aldığı təhqirlərin miqdarını düşünün. Sonra insanlar futbolçunun psixoloji vəziyyətinin niyə pozulduğuna təəccüblənir”.

“Barselona” rəhbərliyi həmin təzyiq səbəbilə Arauxoya bir neçə günlük istirahət verib.

İdman.Biz