Trent Arnold və Kamavinqa zədələndi - “Real Madrid”də müdafiə böhranı dərinləşir

Xəbərlər
4 Dekabr 2025 09:44
37
Trent Arnold və Kamavinqa zədələndi - “Real Madrid”də müdafiə böhranı dərinləşir

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Trent Aleksander-Arnold və yarımmüdafiəçisi Eduardo Kamavinqa Bilbaoda keçirilən görüşdən sonra tibbi siyahıya düşüb.

İdman.Biz xəbər verir ki, “AS” nəşri hər iki futbolçunun durumunu “iki narahatedici hal” kimi dəyərləndirib. Matça start heyətdə çıxan Trent ilk qolu hazırlayan ötürmə ilə yadda qalsa da, 55-ci dəqiqədə sol ayağındakı ön dördbaşlı əzələ problemi səbəbindən Raul Asensio ilə əvəzlənib. Bu zədə onun Liverpuldakı biseps femoris zədəsindən qayıdışından cəmi bir həftə sonra, üstəlik başqa ayaqda baş verib.

Aleksander-Arnold Xabi Alonsonun komandasında ardıcıl dördüncü dəfə start heyətdə çıxaraq müdafiənin sağ cinahında sabitlik tapmağa başlamışdı. Lakin bu zədə onu yenidən dayandıracaq və mövsüm ərzində iştirak etdiyi ümumi oyun dəqiqələrinin azalmasına daha bir səbəb yaradacaq. Həmçinin komandada eyni mövqedə çıxış edən Dani Karvahalın 2026-cı ilə qədər sıradan çıxması bu mövqedə rəqabəti faktiki olaraq tibbi otağa daşıyıb. Karvahal son bir ildə ağır “triada” səbəbilə demək olar ki, bütün oyunları buraxıb, Trent isə “Real Madrid”lə 20 matçın yalnız 7-də meydanda olub.

Trentin çıxmasından cəmi on dəqiqə sonra, 67-ci dəqiqədə Eduardo Kamavinqa da Berenqerin müdaxiləsi nəticəsində sol topuq zədəsi alaraq oyunu yarımçıq tərk edib. Fransalı yarımmüdafiəçi sentyabr ayında sağ topuq zədəsindən yenicə qayıtmışdı və həmin zədə səbəbindən ardıcıl altı matçı buraxmışdı.

Kamavinqanın oyundan çıxması Arda Gülerin gözlənildiyindən daha tez meydana daxil olmasına səbəb oldu. Növbəti qarşılaşmalarda Güler və ya Sebalyosun daha çox şans əldə etməsi ehtimalı güclüdür.

“Real Madrid” ardıcıl iki çətin görüşə çıxacaq. 7 dekabrda “Selta”, 10 dekabrda isə “Mançester Siti” qarşılaşma var.

İdman.Biz

Məqalədə: