Ayxan Abbasovdan Kurban Berdıyevə reaksiya: “Hamımız milliyə hörmət etməliyik” - VİDEO

Xəbərlər
3 Dekabr 2025 17:37
46
Ayxan Abbasovdan Kurban Berdıyevə reaksiya: “Hamımız milliyə hörmət etməliyik” - VİDEO

“Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. I Liqa komandaları ilə qarşılaşmalar adətən gərgin və mübarizəli olur. İlk hissədə bir qədər passiv oynadıq. Bu matçda gənclərə və az şans alan futbolçulara imkan vermək istəyirdik, onlar üçün belə tempə uyğunlaşmaq asan deyil.

İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna təsir göstərdi, amma rəqib müdafiədə çox yaxşı işləyirdi. Onların son çıxışlarını da analiz etmişdik. Əsas məqsədimiz kubokda mərhələ-mərhələ irəliləməkdir. Hazırda ağır qrafiklə üz-üzəyik. “Sumqayıt”la çətin görüş keçirdik, bir neçə gün sonra isə Yevlax səfərinə yollanacağıq. 1/4 final mərhələsi gələn ilə təsadüf edir və həmin vaxta qədər hazırlaşmaq üçün kifayət qədər imkanımız olacaq”.

İdman.Biz xəbər verir ki, bunu ”Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Baku Sportinq”i 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəldikləri Bizon Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransında deyib.

Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu çox sakit izləyirdiniz. Sanki qələbəyə arxayın idiniz...

- Xeyr, əmin deyildik. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda yadıma gəlmir hansısa rəqibimiz oyunboyu müdafiə olunsun. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi.

- Rəqibin heyətində diqqətinizi çəkən futbolçu oldu?

- I Liqada U-21 millisində çıxış edən futbolçuları tanıyıram. Hətta bəzilərini milliyə dəvət etmək istəmişdim.

- Yerli futbolçuların daha çox oynaya biləcəkləri klublara keçməsinin doğru olduğunu demişdiniz. Dünən Kurban Berdiyev bu məsələ ilə bağlı danışarkən bildirdi ki, Ayxan Abbasovun fikirləri məni narahat etmir. Bu haqda nə deyə bilərsiniz?

- Dünən qərar verdim ki, bu barədə danışmayacağam. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Heç kimə deyə bilmərik ki, kimisə oynadın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə millini fikirləşir. Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, millinin naminə deyirik. Hamımız milliyə hörmət etməliyik.

- Növbəti mərhələdə rəqibinizin “Qarabağ”, yoxsa “Karvan-Yevlax” olmasını istəyərdiz?

- “Karvan-Yevlax”ı istəyərdim.

İdman.Biz