ABŞ-də keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasiminin proqramı açıqlanıb.
İdman.Biz bu barədə “The Sun” nəşrinə istinadən məlumat yayıb.
Məlum olub ki, tədbirin əsas səhnə qonaqlarından biri britaniyalı pop ulduz Robbi Uilyamsdır.
Qeyd olunur ki, R.Uilyams amerikalı müğənni Nikol Şerzingerlə birlikdə səhnəyə çıxacaq. Tədbirin sonunda məşhur “Village People” qrupunun üzvləri Donald Trampın qeyri-rəsmi himni kimi tanınan və 1978-ci ildə ifa edilmiş YMCA mahnısını ifa edəcəklər.
Artıq FIFA da Donald Trampın DÇ-2026-nın açılış mərasimdə iştirak edəcəyini təsdiqləyib.
Tədbirin aparıcıları alman model Heidi Klum, komediya aktyoru Kevin Hart və aktyor-prodüser Denni Ramirez olacaq. Qeyd edək ki, Klum 2006-cı ildə Almaniyada keçirilən mundialın püşkatmasında da aparıcı kimi iştirak etmişdi.
Püşkatmanın digər musiqi qonaqları arasında italiyalı məşhur tenor Andrea Boçelli də yer alacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək. 48 yığmanın mübarizə aparacağı dünya çempionatında millilər 12 qrupa bölünəcəklər.
