“Ümid edirəm ki, “Səbail” Premyer Liqaya yenidən yüksələcək. Bu klubun uğurları daha çox olacaq”.
Bunu “Səbail”in baş məşqçi postundan ayrılan Elvin Məmmədov sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- “Səbail” yola saldığımız turda “Cəbrayıl”a uduzdu və buna görə istefaya getdiniz. Yəqin ki, “Səbail”dəki işinizin bu qədər erkən başa çatacağını özünüz də ehtimal etmirdiz?
- Elə zaman olur ki, orada nə qalib gəlmək, nə də uduzmaq qərarları həll etmir. Məşqçiliyə də başlayanda, hər zaman buna hazır olmalısan. Belə alındı və yollarımız ayrıldı.
- Ümumiyyətlə, necə düşünürsüz, “Səbail”də I Liqanı qazana biləcək gücdə heyət toplanıb? Yoxsa, tam istədiyiniz heyəti yığa bilmədiniz?
- Bəli, heyət baxımından komanda yaxşıdır. Hər məşqçi istəyər ki, daha geniş heyəti olsun. Yenə də çempionluq üçün nə qədər çox futbolçu olarsa, rotasiya etmək daha yaxşıdır.
- Erkən qərar verdiyinizi düşünmürsüzki? Ən azından postunuzda qalıb, mübarizəyə davam edə bilməzdiz?
- Bu periodda ayrılıq qərarını verməliydik. Bu, hər iki tərəf üçün də daha yaxşı olacaq.
- Görünən budur ki, “Səbail”in Premyer Liqaya çıxmaq yolunda əsas rəqibi “Şəfa”dır. Bu mübarizədən qalib ayrılmaq şansı nə qədərdir?
- “Səbail” klub olaraq mənə şans tanıdı. Öncə klubun akademiyasında, sonra da əsas komandada bu şansı verdilər. Buna görə də, rəhbərliyə mənə güvəndikləri üçün təşəkkür edirəm. Allah qoysa, “Səbail” I Liqanın çempionu olar.
- Klublar azdır, məşqçilərimiz isə çox. Bundan sonra iş tapmaqla bağlı ümidlisiz? Ölkə xaricinə yollanmaqla bağlı planlarınız var, yoxsa öncə Azərbaycanda daha çox özünüzü sübut etməyi planlaşdırırsız?
- Məqsədim hər zaman öyrənməkdi. Elə yaş dövründəyəm ki, yeni başlamışam, hər gün öyrənməliyəm. Məşqçilikdə də hər gün təcrübə toplayıram. Allah qoysa, yenidən işləyəcəm. Buna zaman lazımdır.
- “Səbail” ötən mövsüm Premyer Liqadan aşağı liqaya düşdü. Premyer Liqaya yüksəlmək baş tutmasa, necə olacaq?
- Ümid edirəm ki, “Səbail” Premyer Liqaya yenidən yüksələcək. Bu klubun uğurları daha çox olacaq. Bu mənada, yaxşını fikirləşmək lazımdır.
- Artıq “Səbail” Adil Şükürova tapşırıldı. Necə düşünürsünüz, hazırkı heyəti Şükürov Premyer Liqaya yüksəldə biləcək? Onun uğurlu olacağını düşünürsünüz və heç bir-birinizlə danışdınız, hansısa məqamlar haqda soruşdumu sizdən Şükürov?
- Adil müəllimə uğurlar arzu edirəm. O, yaxşı insandır, təcrübəsi də məndən çoxdur. Allah qoysa, “Səbail” onun rəhbərliyi altında Premyer Liqaya yüksələr. Ona və “Səbail”ə uğurlar arzu edirəm.
