“Neftçi”nin qapıçısı: “Bakıda mənzil tapmaqda problem yaşadım” - MÜSAHİBƏ

Müsahibə
1 Dekabr 2025 15:08
44
“Neftçi”nin qapıçısı: “Bakıda mənzil tapmaqda problem yaşadım” - MÜSAHİBƏ

“Neftçi” Azərbaycan Premyer Liqasının XIII turunda “Turan Tovuz” səfərindən bir xalla qayıtdı. Samir Abasovu yola saldıqdan sonra Sənan Qurbanovun müvəqqəti rəhbərlik etdiyi komandada ilk dəfə kapitan kimi meydana bosniyalı qapıçısı Kenan Piriç çıxıb.

Azərbaycana gəldikdən sonra “teleqraf”a müsahibə verən Kenan Piriç “ağ-qaralar”dakı, karyerası, adaptasiya prosesi və digər mövzulardan söz açıb:

- Gərgin və bərabərlik şəraitində keçən matçla bağlı fikirləriniz necədir?

- Rəqibi yaxşı analiz etmişdik. Sadəcə elə epizodlar oldu ki, dəyərləndirə bilmədik. Onların üstünlükləri standart vəziyyətlər idi və bundan çox yaxşı istifadə etdilər. Yəni, bir qədər şansımız gətirmədi. Bütün ümidlər növbəti oyunadır. Var-gücümüzü ortaya qoymalıyıq ki, qələbə qazanaq.

– Samir Abasovun gedişi komandaya necə təsir etdi? Sizcə, Sənan Qurbanov qısa müddətdə komandada nə kimi dəyişikliklər etdi?

– Xüsusi və çox böyük dəyişikliklər olmadı. Bir neçə gün əvvəl məşqçi komandanı tərk edib. Amma hər bir oyunda var-gücümüzlə vuruşmalıyıq. Sonuna qədər mübarizə aparmalıyıq. Yalnız bu yolla qalibiyyət əldə edə bilərik.

– Sənan Qurbanov kapitanlıq sarğısını sizə etibar etdi. Bu məsuliyyəti daşımaq necə hissdir?

– İlk öncə buna görə xoşbəxtəm. Bu, mənə əlavə motivasiya verir. Özümü daha motivasiyalı hiss edirəm. Bütün gücümlə çalışıram. Mənə heç bir təzyiq yoxdur. Kapitanam, amma bunun yükü ağır deyil. Əksinə, özünəinamım daha yüksək olur.

– Azarkeşlər tərəfindən tənqid olunmağınız sizə necə təsir göstərir?

– Açığı, şərhlərə fikir vermirəm. Mövsümə istədiyim kimi başlamamışam. Amma özümü tanıyıram, potensialıma güvənirəm. Nəyə qadir olduğumu bilirəm. Hər oyun daha da artıracağam ki, bacarıqlarımı daha da təkmilləşdirim. Onlar gərgin olur, normaldır. Mən də əsəbiləşirəm. Amma nə edə bilərəm? Sadəcə mütəmadi çalışmalı və bacarığımı ortaya qoymalıyam. Ümid edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq.

– Yayda “Neftçi”yə gələrkən bir qədər tərəddüd etmişdiniz. Belə tənqidlər eşidəndə “Neftçi”yə gəldiyinizə görə peşman deyilsiniz? Ümumiyyətlə, azarkeşlərə nə vəd edirsiniz?

– Sabah nə olacağını heç kəs deyə bilməz. Amma onu söz verə bilərəm ki, daha da yaxşı olacağam, özümü təkmilləşdirəcəyəm. Sadəcə bunu vəd edə bilərəm.

– Əcnəbi olaraq Bakıda hansı çətinlikləri yaşayırsınız?

– Bura gələndə mənzil tapmaqda problem yaşadım. Çünki uyğun yer tapa bilmirdim. Amma ümumilikdə adaptasiya tez keçdi. Mən və ailəm buraya tez uyğunlaşdıq. Uşaqlarım burada məktəbə gedir. Bir mənfi məqam odur ki, Bakı bir az tıxaclıdır və külək çox olur.

– Azərbaycan mətbəxindən nəyi daha çox sevirsiniz?

– Azərbaycan mətbəxini ümumilikdə sevirəm. Çünki burada çox gözəl, növbənöv yeməklər tapmaq olur. Xüsusilə isə, kababı sevirəm.

İdman.Biz