“Mənim üçün olduqca maraqlı qarşılaşma oldu. Meydanda gərgin və keyfiyyətli mübarizə izlədik”.
İdman.Biz xəbər verir ki, bunu Gəncə klubunun baş məşqçisi Azər Bağırov mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının XIII turunda səfərdə “Zirə”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb:
“Mənim üçün olduqca maraqlı qarşılaşma oldu. Meydanda gərgin və keyfiyyətli mübarizə izlədik. İlk hissədə 7 yerli futbolçunun meydanda olması Azərbaycan futbolçularının inkişafı baxımından sevindirici məqamdır. İkinci hissədə etdiyimiz xırda səhvlər nəticəyə təsir etdi və məğlubiyyətlə üzləşdik. Bu cür səhvlərə yol verməməliyik. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Yevlax şəhər stadionu komandamız üçün yeni meydandır. Bir neçə oyundan sonra futbolçular tam uyğunlaşacaqlar. Süni ot örtüyünü bəyənməyənlər çoxdur, amma unutmayaq ki, Avropanın bir çox ölkəsində də süni örtüklü meydanlarda oyunlar keçirilir”.
Qeyd edək ki, “Kəpəz” hazırda 6 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb.
