“Mən öncədən demişdim ki, prezident olsam da, olmasam da oynayacağam”.
Bunu 1-ci Liqada mübarizə aparan “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev deyib.
Azərbaycan millisinin sabiq futbolçusu ötən gün “Şəfa”ya qarşı keçirdikləri matçda meydana çıxmasından danışıb.
“Düzünü desəm, prezident olmağı düşünmürdüm. Sadəcə, müəyyən səbəblərdən dolayı belə alındı. Komandaya kömək etmək istəyirəm. Ona görə də əvvəlcədən demişdim ki, futbolçu kimi davam edəcəyəm. Zədə səbəbindən oynaya bilmirdim. Dizimdən əməliyyat olunmuşdum. Artıq iki-üç həftədir ki, komanda ilə məşqlərə başlamışam” , - deyə o, offsideplus.az-a açıqlamasında deyib.
Əmirquliyev məhz “Şəfa” ilə matçda bu addımı atmasının səbəbini belə izah edib:
“Bu, sadəcə təsadüfdür. Ötən il çempionluq uğrunda “Şəfa” ilə aramızda ciddi rəqabət vardı. Ancaq bu, o demək deyil ki, hansısa prinsipimiz var. Zədədən qayıtmışam, formaya düşmək üçün oynamalı idim və bu qarşılaşmaya təsadüf etdi. Heç bir prinsipdən söhbət gedə bilməz. Əslində, məşqçinin məni oynatmaq fikri yox idi. Ancaq son dəqiqələrdə futbolçumuz zədələndiyi üçün oyuna girməli oldum”.
Qeyd edək ki, matç “Şəfa”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Şahdağ Qusar” 10 xalla turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. “Şəfa” isə 23 xalla liderliyini davam etdirir.
