Robert Prosineçki: “Azərbaycan millisində işləməklə bağlı AFFA-dan təklif almamışam” - MÜSAHİBƏ

Müsahibə
28 Noyabr 2025 14:33
25
Robert Prosineçki: “Azərbaycan millisində işləməklə bağlı AFFA-dan təklif almamışam” - MÜSAHİBƏ

“Mən Azərbaycan millisinin oyunlarını izləmirəm, ancaq nəticələrə baxıram. Bunu deyə bilərəm ki, son 2-3 ildə komandanın nəticələri yaxşı deyil”.

Bunu 2014-2017-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olmuş Robert Prosineçki AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan futbolu ilə maraqlanırsınız?

- Hazırda AFFA ilə əlaqəm yoxdur. Amma Azərbaycan futbolu ilə maraqlanıram. İndi heç bir yerdə işləmirəm. Sonuncu iş yerim Monteneqro millisi olub.

- Sizdən sonra Azərbaycan millisində bir neçə dəfə baş məşqçi dəyişikliyi olsa da, yığmanın nəticələrində ciddi fərq yoxdur. Yəni, nəticələr hələ də istənilən səviyyədə deyil...

- Mən Azərbaycan millisinin oyunlarını izləmirəm, ancaq nəticələrə baxıram. Bunu deyə bilərəm ki, son 2-3 ildə komandanın nəticələri yaxşı deyil.

- Yığmanın hazırkı baş məşqçisi Ayxan Abbasov barədə nə deyə bilərsiniz? Sizcə, milli komanda onun rəhbərliyi altında uğur qazana bilər?

- Təəssüf ki, bununla bağlı sizə heç nə deyə bilmərəm. Qeyd etdiyim kimi, oyunları yox, nəticələri izləyirəm.

- Fernandu Santuşun istefaya göndərilməsindən sonra adınız yenidən Azərbaycan yığması ilə hallanırdı. AFFA-dan təklif almışdınız?

- Heç bir təklif almamışam.

- “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasındakı çıxışı barədə də fikirlərinizi bilmək maraqlı olardı...

- “Qarabağ” son 10 ildə böyük uğurlara imza atıb. Qurban Qurbanov komandada ciddi işlər görür. Bu mövsüm Çempionlar Liqasında da əla təsir bağışlayırlar. “Çelsi” kimi komanda ilə 2:2 heç-heçə etdilər. Bunlar çox gözəl nəticələrdir. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzu edirəm.

- Azərbaycan, Bakı üçün darıxırsınız?

- Bakı çox gözəl şəhərdir. Orada 3 il yaşamışam. Azərbaycanda çoxlu dostum da var. Hərdən onlarla əlaqə saxlayıram.

İdman.Biz