Füzuli Məmmədov: “İlk hissədə elə təəssürat yaranmışdı ki, “Qarabağ” sanki Neapolda yox, Bakıda oynayır”

Xəbərlər
26 Noyabr 2025 14:21
24
Füzuli Məmmədov: “İlk hissədə elə təəssürat yaranmışdı ki, “Qarabağ” sanki Neapolda yox, Bakıda oynayır”

“Qarabağ” Neapolda möhtəşəm oyun nümayiş etdirdi. Lakin futbolçular bəzi qol imkanlarından yararlana bilmədilər”.

Bu sözləri “Neftçi” və “Mingəçevir”in sabiq baş məşqçisi Füzuli Məmmədov “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli”yə 0:2 hesabı ilə məğlub olduğu V tur matçı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Neapol təmsilçisi kifayət qədər keyfiyyətli və balanslı komandadır: “Bu komanda son İtaliya çempionudur. Heyətində yer alan futbolçuların səviyyəsi, oyun keyfiyyəti hər kəsə məlumdur. Dinamik, intensiv pressinq tətbiq edən, taktiki baxımdan düzgün oynayan möhkəm kollektivdir. “Napoli”nin baş məşqçisi Antonio Konte də dünya futbolunda tanınan mütəxəssisdir və özünəməxsus oyun fəlsəfəsinə malikdir. Buna baxmayaraq, “Qarabağ” ilk hissədə əla təsir bağışladı. Rəqibi çox yaxşı analiz etmişdilər, meydan sahiblərinin rahat oynamasına imkan vermirdilər. Meydançanın bütün zonalarında pressinq tətbiq edir, topa nəzarət edərək yaxşı hücumlar qururdular. Hətta ilk hissədə elə təəssürat yaranmışdı ki, sanki oyun Neapolda yox, Bakıda keçirilir”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis “Qarabağ”ın müdafiəçisi Kevin Medinanın zədələnərək meydanı tərk etməsini qarşılaşmanın “qırılma nöqtəsi” adlandırıb: “İkinci yarıda komandada yorğunluq hiss olunurdu. Bu da bəzi xırda səhvlərə səbəb oldu və rəqib bundan istifadə etdi. Matçda “Qarabağ”a ən çox təsir edən məqam Kevin Medinanın zədələnməsi oldu. Onun Bəhlul Mustafazadə ilə müdafiədə oyunu çox yaxşı alınırdı. İlk hissədə İtaliya təmsilçisinin demək olar ki, real qol epizodu yox idi və bunda Medinanın böyük rolu var idi. Onun zədədən sonra meydanı tərk etməsi komanda üzvlərinə psixoloji cəhətdən mənfi təsir göstərdi”.

F. Məmmədov məğlubiyyətin səbəblərindən biri kimi “Qarabağ”ın ələ düşən qol fürsətlərindən yararlana bilməməsini göstərib: “Emmanuel Addai və Nəriman Axundzadənin qol imkanları oldu. Təəssüf ki, yararlana bilmədilər. Buna baxmayaraq, “Qarabağ” meydanda möhtəşəm oyun nümayiş etdirdi. Qarşıda bizi daha üç görüş gözləyir. Bu matçlarda da layiqli çıxış edəcəklərinə inanıram”.

Qeyd edək ki, “Qarabağ” hazırda 7 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Ağdam klubu Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da Bakıda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

İdman.Biz