“Napoli doğurdan da güclü idi. Layiq olduğu 3 xalı qazandı. “Qarabağ” da xal qazanmaq üçün mübarizə apardı. Qol gözlənilirdi. “Napoli” ikinci hissədə təzyiq etməyə başladı və ard-arda qol epizodları yaratdı”.
Bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Napoli”yə məğlubiyyətini şərh edib:
“Mateuş Koxalski dünənki matçda möhtəşəm performans göstərdi. “Napoli” son İtaliya çempionu olsa da, “Qarabağ” onların qarşısında aciz deyildi. Müdafiəyə oturmadılar, hücum etməyə çalışdılar. Əfsuslar olsun ki, “Napoli” müdafiəsi çox güclüdür. “Qarabağ”ın xal qazanması üçün şans var idi. Penaltini vura bilməyəndən sonra “Napoli”nin həvəsdən düşəcəyini, tempi aşağı salacağını gözləyirdik. Bu da olmadı, komanda sona qədər təcrübəsini nümayiş etdirdi. Təmsilçimizi də təbrik etmək lazımdır. Yaxşı oyun oynadı. İndi isə evdə “Ayaks”la matçı düşünmək lazımdır. “24-lüy”ə düşmək üçün şans var”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Napoli” - “Qarabağ” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
