İngiltərənin “Çelsi” klubuna rəhbərlik edən Enzo Mareska bildirib ki, komandanın hücumçusu Estevao davranışları ilə köhnə məktəb futbolçularını xatırladır və daim telefonunda olmaq kimi vərdişlərdən uzaqdır.
İdman.Biz xəbər verir ki, Mareska onun sadə, normal və çox çalışan bir gənc olduğunu vurğulayıb.
“Onu sevirəm. Ailəsi hər zaman yanındadır. Xüsusi oyunçudur, amma normal uşaqdır”, - deyə baş məşqçi əlavə edib.
Daha sonra o, Estevao və Lamin Yamal barədə yaranan yüksək müqayisələrə toxunub:
“Bir az sakit olun. Əgər Messi və Kriştianu Ronaldu ilə müqayisə etməyə başlasanız, bu, onların üzərinə həddindən artıq təzyiq yaradar. Hər iki futbolçunun cəmi 18 yaşı var və bu tənqid, gözləntilər hələ çox tezdir”.
Mareska qarşıdan gələn oyuna da diqqət çəkib və bildirib ki, futbolçulardan növbəti 48 saat ərzində tam şəkildə dincəlmələrini, bərpa olunmalarını və matça hazırlaşmalarını istəyib: “Bazar günü “Arsenal”la oyunumuz var”.
