“Qarabağ” bu gecə elə futbol oynayacaq ki, “Napoli”nin əfsanəvi futbolçusu Dieqo Maradonanın ruhu da komandanı alqışlayacaq”.
Bu sözləri Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli” və “Qarabağ” klubları arasında keçiriləcək oyun barədə danışarkən deyib.
O, bütün komandaların Neapol səfərində çətinlik çəkdiyini bildirib: “Mən orada futbol şərh etmişəm. Oyunlar zamanı atmosfer tam başqa olur. Matçın favoriti “Napoli”dir. Lakin Ağdam təmsilçinin sonadək döyüşəcəyinə inanıram. Mənə görə, Azərbaycan çempionunun İtaliyada qələbə qazanması sürpriz olmayacaq. Çünki Qurban Qurbanovun kollektivi böyük klublardan xal almağı bacardığını hamıya dəfələrlə sübut edib”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Tanınmış jurnalistin sözlərinə görə, Ağdam klubu səfərdən 1 xalla qayıtsa, adını ilk 24 komanda arasına yazdırmaq şansı artacaq: “Çünki evdə “Ayaks” və “Ayntraxt”dan xal alacağımıza çox inanıram. “Çelsi” ilə oyun əlimizdən qaçdı. Qələbə qazanmağa layiq idik. Futbolçular “Napoli” ilə görüşdə meydana qələbə arzusu ilə çıxmalıdırlar. “Qarabağ” “Ayaks” və “Ayntraxt”dan alacağı xallarla “Liverpul” səfərinə turist kimi yollana bilər. Mən buna inanıram”.
Qeyd edək ki, bu gün “Stadio Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
