“Azərbaycan yığmasının çempion heyətini demək olar ki, yarıbayarı yeniləyə bilərik” - Elşad Quliyevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Xəbərlər
19 Noyabr 2025 17:15
41
“Azərbaycan yığmasının çempion heyətini demək olar ki, yarıbayarı yeniləyə bilərik” - Elşad Quliyevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda gərgin futbol oyunlarının davam etdiyi bir vaxtda minifutbol bir qədər kölgədə qalıb. Halbuki məhz bu idman növündə Azərbaycan yığması bu ilin mayında evdə keçirilmiş mundialda əsas titulu qazanaraq hazırkı dünya çempionluğu adını qorumaqdadı.

Milli minifutbol komandasının baş məşqçisi Elşad Quliyev İdman.Biz-lə söhbətində yığmadakı vəziyyət və gələn ilin heyətinin formalaşdırılması barədə danışıb.

“Yeni oyunçular axtarışı ilə milli çempionatı diqqətlə izləyirəm. Gələn ilin mayında bizi növbəti sınaq - Bratislavada keçiriləcək Avropa çempionatı gözləyir. Məlumdur ki, son Avropa çempionatında titulu qoruya bilmədik və indi onu geri qaytaracağımıza ümid edirik”, - E.Quliyev vurğulayıb.

Mütəxəssis bildirib ki, milli komandanın heyətində ciddi dəyişikliklər olacaq.

“Komandanın gənc olmasına baxmayaraq, 17 dünya çempionunun heç biri üçün heyətdəki yer əvvəldən təmin olunmayıb. Hər kəs Avropa çempionatına düşməyə layiq olduğunu oyunu ilə yenidən sübut etməlidir. Üstəlik seçim imkanımız da var: Azərbaycan çempionatında kifayət qədər istedadlı oyunçular çıxış edir və çox güman ki, komanda heyətinin demək olar yarısı yenilənəcək”, - baş məşqçi əlavə edib.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: