Mahir Emreli: “Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi” - FOTO

Xəbərlər
10 Noyabr 2025 10:06
65
Mahir Emreli: “Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi” - FOTO

“İki aylıq fasilədən sonra yenidən meydana qayıtmaq inanılmaz bir hiss idi. Təəssüf ki, bu, uzun çəkmədi. Zədə səbəbindən oyunu yarımçıq tərk etməli oldum və bu, təbii ki, çox ağrılı idi”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi “Instagram” hesabındakı paylaşımında qeyd edib.

28 yaşlı hücumçu klubu “Kayzerslautern”in heyətində Almaniya 2-ci Bundesliqasının 12-ci turunda “Herta” ilə matçın (0:1) iştirakçısı olub.

Son 9 turda oynamayan Emreli 63-cü dəqiqədə meydana çıxsa da, 77-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. O, meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

M.Emreli paylaşımında daha sonra yazıb:

“Son həftələr mənim üçün heç də asan keçməyib. Əvvəlcə az oyun təcrübəsi, sonra xəstəlik, bir həftə əvvəl isə böyük qardaşımı (dayıoğlumu) çox ağır və faciəli şəkildə itirdim. Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi. Təəssüf ki, hər şey başqa cür alındı. Bəlkə də buna görə göz yaşlarımı saxlaya bilmədim. Elə bil içimdə hər şey yığılmışdı.

Həkim müayinəsindən sonra nə qədər müddət oynaya bilməyəcəyimi dəqiq biləcəyəm. Bütün bunlara baxmayaraq, nikbinliyimi qoruyuram və tezliklə yenidən meydanda olacağıma ümid edirəm. Nə inamımı, nə də motivasiyamı itirirəm”.

Qeyd edək ki, Mahir Emreli zədələndiyi üçün Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya (13 noyabr) və Fransa (16 noyabr) ilə oyunlarına çağırılmayıb.

İdman.Biz