Pelleqrinidən qeyri-adi təklif: “Futbolda topu öz sahəsinə qaytarmaq qadağan edilsin”

Xəbərlər
8 Noyabr 2025 12:38
32
Pelleqrinidən qeyri-adi təklif: “Futbolda topu öz sahəsinə qaytarmaq qadağan edilsin”

“Betis”in baş məşqçisi Manuel Pelleqrini Avropa Liqasının qrup mərhələsinin IV turunda “Lion” üzərində qazanılan qələbədən (2:0) sonra futbolun daha baxımlı və dinamik olması üçün yeni qayda təklif edib.

İdman.Biz xəbər verir ki, o bu barədə “L’Équipe” nəşrinə açıqlamasında danışıb.

Təcrübəli mütəxəssis hesab edir ki, oyunun tempi və hücum yönümü artırmaq üçün topun rəqib sahəsinə keçirildikdən sonra geriyə - öz meydan hissəsinə ötürülməsinə icazə verilməməlidir.

“Düşünürəm ki, futbolu daha dinamik etmək üçün bəzi qaydaları dəyişmək olar. Məsələn, top mərkəz xəttini keçdikdən sonra onun öz sahəsinə qaytarılmasına qadağa qoymaq. Bu, oyunu daha baxımlı və hücuma yönəlik edərdi. Biz futbola daha çox hərəkət və hücum ruhu gətirməliyik”, - deyə Pelleqrini nəşrinə bildirib.

Çilili mütəxəssis əlavə edib ki, müasir futbolda oyun tempi çox zaman arxaya edilən ötürmələr səbəbindən itir:

“Komandalar daha cəsarətli oynamalıdır. Geriyə pasların çoxluğu tempi öldürür. Basketbolda buna bənzər qayda var - mərkəz xətti keçildikdən sonra topu öz sahəsinə qaytarmaq olmaz. Futbolda da bunu tətbiq etmək maraqlı olardı”.

İdman.Biz