Azərbaycan futbolunun ən əsas derbisi sayılan “Qarabağ” - “Neftçi” oyunu artıq çoxdan təkcə futbolçuların deyil, həm də tribunaların duelinə çevrilib.
İdman.Biz xəbər verir ki, bu komandalar arasında keçirilən hər bir matç, o cümlədən noyabrın 9-da baş tutacağı gözlənilən qarşılaşma, azarkeşlərin vizual və məna baxımından bir-birinə yönəlmiş dialoqu ilə müşayiət olunacağı istisna edilmir. Belə ki, bu derbidə bannerlər, şüarlar və xoreoqrafiyalar artıq qarşılaşmanın ayrılmaz hissəsinə çevrilib.
“Neftçi”nin sektoru ənənəvi olaraq klubun tarixi statusu ideyasına irəli sürür. Bunun ən parlaq nümunələrindən biri keçmiş derbidə açılan “Ata qocalanda yük oğula düşür” yazılı banner və “ata” obrazında taclı personajla yanaşı “Qarabağ”ın simvolu olan at təsviridir. Mesaj aydındır: “Neftçi” özünün köklü klub olduğunu nəzərə çatdırır, Ağdam təmsilçisi isə “gənc nəsil” kimi təqdim olunur.
Başqa bir qarşılaşmada paytaxt klubunun azarkeşləri televiziya oyunu “Milyonçu”nun üslubunda hazırlanmış banner açaraq, “Qarabağ”ın təsis ilini bir neçə variantdan düzgün seçmək şəklində zarafatlı test təqdim etmişdilər. Bu addım rəqibin tarixi ilə bağlı mübahisələrə incə eyham vuraraq, derbinin ən çox müzakirə olunan anlarından birinə çevrilmişdi.
Öz növbəsində “Qarabağ” azarkeşləri də yaradıcılıq məsələsində geri qalmır. Belə ki, oyunlardan birində “Neftçi”nin “çətin vəziyyətinə” eyham vuran yazılarla bəzədilmiş vaqon təsvirli nümayiş etdirmişdi.
Sonralar “Neftçi” klubunda “Yaxşı olacaq” şüarı fəal şəkildə istifadə ediləndə, Ağdam sektoru ardıcıl uğursuzluqlardan sonra qısa, amma təsirli cavabla çıxış etdi: “Yaxşı olmadı.” Beləcə, reklam şüarı ironik məna qazanaraq, son illərdə “Qarabağ”ın üstünlüyünü vurğulayan bir ifadəyə çevrildi.
Bəzən isə bu simvolik dialoq daha sərt müstəviyə keçirdi. 2025-ci ilin fevralında Bakıda keçirilən derbidən öncə stadion yaxınlığında iki klubun azarkeşləri arasında qarşıdurma yaşanmış, bir neçə nəfər polis tərəfindən saxlanılmışdı. 2024-cü ilin payızında isə “İmarət” və “Forza Neftçi” fan-hərəkatlarının nümayəndələri arasında arena ərazisində baş vermiş insident hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə tezliklə aradan qaldırılmışdı.
Bir sıra oyunlarda hüquq mühafizə orqanları pirotexnikadan istifadə, meydana müxtəlif əşyaların atılması və qonaq sektorlarında oturacaqların zədələnməsi hallarını qeydə almış, hər iki kluba bu səbəbdən cərimə və xəbərdarlıqlar tətbiq edilmişdi. Bu epizodlar lokal xarakter daşısa da, ölkənin əsas derbisi ətrafındakı emosional gərginliyin miqyasını aydın şəkildə göstərirdi.
Zaman keçdikcə bannerlər, söz atışmaları və bəzən açıq qarşıdurmalar bu derbinin özünəməxsus mədəniyyətinə çevrilib. Azarkeşlər hər oyuna əvvəlcədən hazırlaşır, mesajlarını düşünür və rəqibdən gələcək cavab addımlarını gözləyirlər. Elə bu gərgin, amma canlı atmosfer sayəsində “Qarabağ” və “Neftçi”nin görüşləri təkcə üç xal uğrunda mübarizə deyil, Azərbaycan futbolunun hüdudlarını aşan xüsusi qarşılaşmalara çevrilir.
Teymur Tuşiyev
