“Turan Tovuz” yenidən döğma məkanını qayıdır. Komanda bu gün 2025/26 mövsümündə ilk dəfə ev oyununu Tovuz şəhər stadionunda keçirəcək. Saat 16:00-da başlanacaq oyunda onların rəqibi “Şamaxı” olacaq.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, ötən mövsüm başa çatdıqdan sonra Tovuz stadionunun süni meydançasının təbii ot örtüyü ilə dəyişdirilməsi prosesi başlayıb.
Odur ki, qərblilər rəqiblərini Suraxanıda - “Azərsun Arena”da qəbul edirdi. Amma... Qazon yenə istifadəyə tam yararlı deyil. Bu barədə klubdan verilən informasiyaya görə, dünən burada ilk məşqə çıxan futbolçular meydanın onlarda narahatlıq yaratmasından şikayətləniblər.
Ot örtüyünün dəyişdirilməsini icra eləyən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz də onlarla həmfikirdir.
Britaniyalı aqronom bu barədə Ehtiram Quliyevə öz xəbərdarlığını edib. Klubun İdarə Heyətinin sədrinin diqqətinə çatdırıb ki, qazonu təhvil almağa tələsməsinlər, bir müddət gözləmək lazımdır.
Şarplaz bildirib ki, qazonun bərkiməsi üçün daha iki həftə gözləmək lazımdır. O, noyabrın ikinci yarısınadək problemin aradan qalxacağını söyləyib.
Di gəl, Quliyev adıçəkilən mütəxəssisin məsləhətini qulaqardına vurub. İcraçı tərəfin təkidləri də sədri fikrindən döndərməyib.
