Rahid Əmirquliyev: “Bütün bunları nəzərə alsaq, altı oyuna yeddi xal pis deyil”

Xəbərlər
29 Oktyabr 2025 13:51
42
Rahid Əmirquliyev: “Bütün bunları nəzərə alsaq, altı oyuna yeddi xal pis deyil”

“Cəbrayıl” ilə oyun yaxşı hazırlaşsaq da, matça itkilərlə çıxmışdıq”.

Bu sözləri sport24.az-a açıqlamasında “Şahdağ Qusar” komandanın rəhbəri Rahid Əmirquliyev deyib.

Veteran futbolçu komandasının Birinci Liqanın 6-cı turunda “Cəbrayıl”a məğlub olduqları oyunu şərh edib:

“Ümumilikdə heyətimiz kasaddır. Zədəlilər olanda problem yaşanır. Məğlub olsaq da, bərbad oynamadıq. Öz səhvlərimizdən qollar buraxdıq. Bu, birinci dəfə deyil. Gənc futbolçularımız var, futbolçularımızın təcrübəsi azdır. İnşallah ki, zamanla düzələcək. 6 oyuna 7 xal qazanmışıq. İstəyərdik daha çox olsun. Mövsüm başlamadan öncə “Şahdağ Qusar”ın vəziyyəti yaxşı deyildi. Ən gec toplanan komanda bizik. Çətinliklə gənclərdən ibarət heyət yığmışıq. Futbolçu sayı azlığı, zədəlilər... Bütün bunları nəzərə alsaq, 6 oyuna 7 xal pis deyil. Ümid edirik gələcəkdə xallarımız çoxalacaq”.

Qeyd edək ki, “Cəbrayıl” “Şahdağ Qusar” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz