Əli Abışov: “Futbol oynayıb, səhəri gün toy çalmağa gedirdim” - MÜSAHİBƏ + VİDEO

Müsahibə
16 Oktyabr 2025 12:55
116
Əli Abışov: “Futbol oynayıb, səhəri gün toy çalmağa gedirdim” - MÜSAHİBƏ + VİDEO

“Ağ-qaralar”la Azərbaycan Kubokunu qazandım. 1994/95 mövsümünün finalında “Kür Nur”u 1:0 hesabı ilə məğlub etdik. Növbəti “futbol ili”ndə artıq “Fərid” komandasına keçdim. Orada da ölkə kubokunda yarımfinala qədər irəlilədik, amma “Xəzri” ilə bacarmadıq".

Bunu 1990-cı illərdə adından söz etdirən futbolçulardan olan Əli Abışov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– 1968-ci ildə Hacıqabulda dünyaya göz açmısınız. Futbola maraq necə yarandı?

– Mən istedadlı uşaq olmuşam. Hərçənd valideynlərim futbol oynamağıma razı deyildi. Çünki musiqi ilə də məşğul olurdum. Buna baxmayaraq, günün 7-8 saatını futbol oynayırdım. Evə gəlib çay içib yenidən oynamağa gedirdim, heç yemək yemirdim. Günüm ancaq meydançalarda keçib.

– Neçə il Hacıqabulda yaşamısınız?

– Ömrümün çox hissəsi elə Hacıqabulda keçib. 1990-cı ildə “Neftçi” I Liqada oynayada bir müddət burada yaşamalı oldum. Onda da məni sırf baxışa çağırmışdılar. Sonra Nəvainin “Gənclik” klubuna qayıtdım. Amma ümumi götürəndə, 1994/95-də “Neftçi”yə tam olaraq qoşuldum. Onda da komandanı Vaqif Sadıqov çalışdırırdı. Biz onda Azərbaycan Kubokuna sahib çıxdıq.

– Ümumiyyətlə, ilk peşəkar komandanız hansı olub?

– İlk olaraq Hacıqabulda rəhmətlik Nadir Nəcəfovun başçılığı altında oynamışam. Sonra indiki Şirvanda “Energetik” komandasının uğurları üçün çalışmışam. Həmin komandanı Ramiz Hacıyev çalışdırırdı. Ramiz müəllim hazırda II Liqada oynayan “Şirvan”da rəhbər vəzifədə çalışırdı. Ondan sonra 1986-88-ci illərdə Sibirə hərbi xidmət çəkməyə yollandım. Orada bu müddət ərzində futbol oynamadım. Əsgərlikdən “Gənclik” komandasına qayıtdım. Yadırğamağıma baxmayaraq baş məşqçi Rauf Əmirov mənə inanırdı. 1-2 aya formaya düşdüm. Karyeramın yüksəlişi də məhz bu komanda ilə olub. 1992-ci ildə Salyanın “Plastik” komandasında çıxış etdim. Həmin mövsüm, yəni ilk Azərbaycan çempionatında bombardirlər siyahısında 13 qolla 9-cu yerə çıxdım. 1993-cü ildə Sabirabadın “İnşaatçı” komandasına keçdim, orada ölkə kubokunda finala qədər irəlilədik, həlledici matçda Müşfiq Hüseynovun qolu ilə “Qarabağ” bizə qalib gəldi. Növbəti mövsüm, bir az əvvəl söylədiyim kimi, “Neftçi”yə transfer olundum.

– “Neftçi”də nə qədər qaldız?

– “Ağ-qaralar”la Azərbaycan Kubokunu qazandım. 1994/95 mövsümünün finalında “Kür Nur”u 1:0 hesabı ilə məğlub etdik. Növbəti “futbol ili”ndə artıq “Fərid” komandasına keçdim. Orada da ölkə kubokunda yarımfinala qədər irəlilədik, amma “Xəzri” ilə bacarmadıq. 1996/97-də isə artıq “Bakı Fəhləsi”nə keçdim, sonra bu komanda “ANS-Pivani”yə çevrildi. Ondan sonra da yolum Ağasəlim Mircavadovun çalışdırdığı “Şəmkir”ə düşdü. Bu komanda ilə 2 dəfə Azərbaycan çempionu olmuşam. Ağasəlim müəllimlə “Bakı fəhləsi”ndən bir yerdə idik, oradan məni yaxından tanıyırdı. Bu müddət ərzində böyük pullar qazanmasam da, Azərbaycanda həmişə mənə dəyər verilib. Mən çox effektli futbolçu olmuşam. Çıxış etdiyim komandalarda kənarda qalmamışam, həmişə start heyətində meydana çıxmışam. Amma maliyyə cəhətdən problemlər olub. “Neftçi”də də maaşsız qaldığım vaxtlar olub, “Bakı fəhləsi”ndə də. O vaxt çətin dövrlər idi, amma aramızda kişi söhbəti olub. Deyirdilər, bu vaxt maaşı verəcəyik, biz də gözləyirdik, amma indiki dövrdə pul gecikdisə, FIFA-ya müraciət edirsən, pulunu ala bilirsən. “Şəmkir”dən sonra “Kəpəz”də oynamışam, bir müddət Qusarın “Şahdağ” klubunda top qovmuşam, daha sonra “Gilan”a yollandım, yəni indiki “Qəbələ”yə. Faiq Cabbarovla köməkləşib “Qəbələ”ni elitaya çıxartdıq. Elə o vaxtdan da “Qəbələ”də qaldım, 2007-ci ilə qədər meydana çıxdım, karyeramı da orada bitirdim. Ramiz Məmmədov mənə orada dedi ki, “gec-tez məşqçi olacaqsan, qal burada, əvəzedicilərimizi çalışdır”. Mən də təklifi qəbul etdim və 2 il “Qəbələ”nin əvəzedicilərini çalışdırdım. İlk mövsümdə 4-cü yeri tutduq, növbəti il 3-cü olduq. Demək olar ki, “Qəbələ”nin ilk nəticəsini mən vermişəm. Ondan sonra məni seleksiya məşqçisi qoydular. Azərbaycanda nə qədər istedadlı uşaqlar var idi, onları seçib “Qəbələ”nin akademiyasına gətirirdik. Özünüz də gördünüz də, Azərbaycanda qaymaq futbolçular bu klubun akademiyasından çıxdı. Bu işi də nəzərə alsaq, mən 7-8 il “Qəbələ”də işlədim. Ondan sonra “Şüvəlan”a gəldim. Orada da Aqil Nəbiyev baş məşqçi idi. Onunla bir müddət bir yerdə işlədik. Məqsəd elitaya çıxmaq idi. Sonra da belə qərara gəldilər ki, məni “Zirə”yə göndərsinlər. Bu komandada Hüseynqulu Quliyevlə bir yerdə işlədim. Bir sözlə, bizim komanda əvəzedicilərin çempionatında 3-cü yeri tutdu. Elə ovaxtdan da “Zirə”dəyəm. Keçən il bu klubun U-19 komandasını çalışdırırdım, indi isə U-17-sində işləyirəm. Allaha şükür, Zaur Həşimovun rəhbərliyi altında çox yaxşı kollektivimiz var. Bizdə hər şey öz qaydasındadır.

– Məşqçilik kateqoriyanız nədir?

– B kateqoriyası almışam. Düzünü desəm, “A”nı oxumaq imkanım var idi, amma öz səhlənkarlığım səbəbindən arxasınca düşmədim. Kateqoriya elə bir şeydir ki, maaşa təsir edir, təəssüf ki, mən bunu etmədim. O vaxt bunu düşünməmişdim. İndi bir az gecdir, əsasən üstünlüyü cavanlara verirlər.

– Söhbətin əvvəlində “Şəmkir” və “ANS-Pivani”də oynadığınızı yada saldınız. Siz Nemət Mahmudovun idarə etdiyi qalmaqallı “Şəmkir”lə “ANS-Pivani” arasındakı oyunun iştirakçısı olmusunuz?

– Bəli, həmin oyunda mən “ANS-Pivani”nin üzvü idim.

– Nə baş verdi orada? Sizin dilinizdən eşitmək istərdim.

– “Şəmkir” mütləq udmalı idi də. Orada hakim qapımıza iki penalti təyin etdi. Birini Kopeykin çıxartdı, digəri isə tirə dəyib xəttin üstünə düşdü. Nemət onu qol kimi qeydə alsaydı, bu qədər əks-sədaya səbəb olmayacaqdı. Amma o, qola oxşamayan epizodu qol kimi qeydə aldı. Ondan sonra komandada narazlıq oldu. Komandanın rəhbəri İlham müəllim (İ.Hüseynov – red.) küsüb getdi.

– “Şəmkir”ün futbolçusundan bilmək isəyərdim, komandanızın belə şübhəli oyunları çox idi?

– Mən oynayanda artıq komandamızın uduzmaq söhbətləri yox idi. Heyət çox güclü idi.

– O vaxt maksimum neçə ay hansısa bir klubda maaş almamısınız?

– Elə yaxşı gəldin bu söhbətin üstünə çıxdın. Bir az əvvəl qeyd etdiyim kimi, mən həm də nağara ifaçısı idim. Mən toydan gəlirdim, “Gənclik”də Abuzərin çayxanası var idi, orada otururdum, uşaqların da heç birində pul yox idi. Amma mənim varlı da olmasam, cibimdə pulum var idi. Çayın dalınca çay gəlirdi, axırda görürürdüm ki, stolun başında təkcə mən qalmışam. Uşaqların da pulu yox idi axı. Onlara deyirdim ki, niyə narahat olursunuz, yanımda əyləşin, pulu mən verəcəyəm. Lazım gələndə, pula ehtiyacları olanda onlara kömək edirdim. İndi 200-300 min alanlar belə şeyləri yaddan çıxarırlar, amma köməksiz olan veteran futbolçulara yardım əlini uzatmaq lazımdır. Məsələn, indi Rəşad Sadıqov çox insanın əlindən tutur. Bu mənada Qara Qarayevin də adını çəkə bilərəm.

– Musiqiyə, yəni, zərb alətlərinə maraq haradan yarandı?

– Biz ailəliklə musiqiçiyik. Atamdan görüb-götürmüşük. Qardaşlarımla birgə biz də nağaraya maraq göstərmişik. Mən bu yaşa qədər iki sənəti bura qədər paralel şəkildə gətirib çıxartmışam. Özü də sizə deyim ki, mən elə-belə musiqiçi də olmamışam, ətrafımda peşəkarlar olub. Zahid Sabirabadlı indi Moskvada yaşayır, daha sonra “Totu” ləqəbli klarnet ifaçısı Tofiq Əliyev, qarmon ifaçısı Ramin Hüseynov… Bunlar hamısı bizim aramızdan çıxan musiqiçilərdir. Allah rəhmət etsin, Kamandar İbrahimovla birgə nə qədər sözün yaxşı mənasında toylar yola vermişik. Demək olar ki, bu həyətdən çıxıb o biri həyətə girmişik.

– İlk toylarınız Hacıqabulda olub yəqin ki…

– Hacıqabul, Salyan… Muğan-Mil zonası. İndinin özündə Bakıda şadlıq evlərində də toylara gedirəm. Boş vaxtıma düşəndə təklifi qəbul edirəm. İstedaddır da, istifadə edirəm. Amma Bakıda işimlə əlaqədar rayonlara toya gedə bilmirəm.

– “Neftçi”də və ya “Şəmkir”də oynayanda bunu necə edirdiniz?

– Oyunumu oynayırdım, səhər toyum olurdu, çıxıb gedirdim. Şəmkirdən çıxıb Hacıqabula və ya Şirvana toya gedirdim.

– Futbolçu olmasaydınız, ansambllarla TV-yə çıxardınız?

– Çoxdan. Daha üzdə olan musiqiçi olardım. Amma buna baxmayaraq, ikisində də seçilən adam olmuşam: həm yaxşı musiqiçi, həm də effektli futbolçu.

– Futbolçu tanışlarınızın özünün və ya yaxınlarının xeyir işində əlinizə nağara almısınız?

– “Baku Sportinq”də işləyən Hüseyn İsgəndərovun qohumlarının birinin toyunda olmuşam. Uşaqlar da görüntünü atmışdılar ki, gedib ora da çıxmısan… “Vətən”də işləyən İlqar Hüseynovun doğum günü ilə əlaqədar yığıncaqda da nağarada ifa etmişəm. Belə yaxınların toyunda da, xahiş edirlər ki, bizə görə 10-15 dəqiqə feyziyab et.

– Məşhur nağara ifaçılarının hamısı ilə əlaqələriniz olub?

– Əlbəttə.

– Məsələn, Gülağa…

– Rəhmətlik Hacıqabulda bizim evimizdə də gecələyib. Gülağa hərbi xidmətini Şirvanda çəkib. O vaxt paradlarda nağara çalırdı. Gülağa vəfat etməzdən haradasa 10 gün əvvəl bir yerdə idik. Aftandil İsrafilovla klarnet ifaçısı Yadigar da orada idi.

– Gülağa istedadlı idi, yoxsa Natiq?

– Natiq məktəb yaradıb da. O, görürsən ki, toya getmir. Toy başqa, böyük tədbirlərdə iştirak başqa. Natiq dünya səviyyəli işlər görür. Gülağa fərdi idi, Natiq isə komanda yaradıb. İdmanda da belədir, bir var fərdi yarışırsan, bir də var ki, komanda ilə bir yerdəsən. Amma onu da deyim ki, Gülağa da sənətkar idi.

– Heç Rusiyaya toylara getmisiniz? Oradakı həmyerlilərimizin dəvəti ilə…

– Futbolumuzda fasilə yaranan vaxtlar olub, hə. Ümumiyyətlə, o vaxt mən Moskvaya qardaşımın yanına getdim. Bu müddətdə 1-2 toy “tuta bildim”.

– Axırıncı dəfə nə vaxt toyda nağara ifa etmisiniz?

– 1-2 gün qabaq. Şadlıq evlərində olur…

– Hansı ilə rəftar etmək daha çətindi – top, yoxsa nağara?

– Mənim üçün elə bir çətinlik yoxdur, amma ümumi götürsək, futbol daha ağır gəlir. Amma nağara da asan deyil. Gərək “əjdaha”sı olasan. Amma futbol mənim həyatımdır da. İndiyə qədər də Azərbaycanın veteranlardan ibarət komandasının üzvüyəm. Oqtay Abdullayev birinci məni axtarır.

– Əvvəldən hücuma atılmağı çox sevmisiniz? Çünki qollarınız çox olub.

– Əvvəllər hücumçunun arxasında oynayırdım, ona görə də qollarımın sayı çox olub. Amma əsas yerimi “Bakı Fəhləsi”ndə oynayanda Ağasəlim Mircavadovun başçılığı altında tapdım. O, məni dayaq yarımmüdafiəçisi kimi oynatdı. İşləyən oyunçu olmuşam. İndiki futbollara baxıram, fikirləşirəm ki, mən nə qədər güclü futbolçu olmuşam. Məndən sonra Rəşad Sadiqov bu mövqedə mükəmməl oynadı. Bir də Qara Qarayevin adını çəkərdim.

– Millidə nə qədər oynamısınız?

– Gəncədə Gürcüstanı 1:0 hesabı ilə məğlub etdiyimiz oyunda meydana çıxmışam. Yalnız həmin oyunun iştirakçısı olmuşam. Baş məşqçimiz də Ələkbər Məmmədov idi. Qolu da səhv etmirəmsə, Nazim Süleymanov vurdu.

– Gürcüstan demişkən, “Şəmkir”də Badri Kvaratsxeliya ilə bir yerdə oynamısınız. Onunla münasibətləriniz necə idi?

– Əla! İndi əlaqələrimiz olmasa da, biz həmişə isti münasbiətdə olmuşuq.

– Xviçanı uşaq vaxtı burada görmüsünüz?

– Balaca uşaq idi. Atasının qırmızı rəngdə BMW-si var idi, həmişə onu qabaqda əyləşdirirdi. Biz nə bilərdik ki, bunun adı Xviçadır, o da böyüyüb dünyaya səs salacaq futbolçu olacaq.

– Uşaq futbolunun içindəsiniz, Azərbaycanda bu sahənin ən böyük problemi nədir?

– Bizdə akademiya problemi var. O yoxdursa, futbol necə inkişaf etsin?! Saatyarım məşqlə nəyə nail olmaq olar? Akademiyada bəslənib böyüməklə inkişaf etmək olar. Sizə onu deyim ki, heç “Qəbələ”nin akademiyası da o deyildi. Qabaqki internat məktəblərin yeri ayrı idi. Uşaqlar orada çox yaxşı təhsil alırdı, gündə iki dəfə məşq edirdi. İndiki uşaqlara bir dəfə məşq keçməklə nəyisə əmələ gətirə bilməzsən. Həm də ki, telefon uşaqlar məhv edir, şüa uşaqların beynini öldürür.

– Bəs akademiyaların olmamasının məsuliyyətini kim daşıyır?

– Mən nə deyə bilərəm axı?! Adicə meydança yoxdur. Mən burada oturub kiməsə irad tuta bilmərəm.

– “Zirə”nin uşaqlarının keyfiyyəti necədir?

– Bizim çalışdırdığımız uşaqlar əvəzedicilərə qədər yüksəlir, klub tərəfindən qayğı görür. I və II Liqalarımızda mübarizə aparan komandalarda əksəriyyəti elə “Zirə”nin uşaqlarıdır. Klubda iş gedir.

– Bəs yuxarı qalxanda niyə oynaya bilmirlər?

– Gərək şans versinlər, güvənsinlər də. “Qarabağ”ın adi U-19-larını Çempionlar Liqasında görürürsünüz də. Hələ indi bu klubda uşaq futbolu inkişaf dövrünü yaşayır ha… Amma Avropada oynayanda səviyyə fərqi hiss olunur. Mənə elə gəlir ki, belə oyunlarla onlarda nəticə olacaq.

– İlham Yadullayev və Aqil Nəbiyevin çalışdırdığı aşağı yaşlılardan ibarət millərimiz seçmə mərhələlərdə biabırçı məğlubiyyətlərlə üzləşirlər. Onların problemi nədir?

– Hər şey aşağıdan gəlir. Akademiya olsun ki, onlar da nəticə versin.

– Tapşırıqla uşaqların oynadılması – siz bunun şahidi olmusunuz?

– Vallah, bu söz hamının dilinə düşüb. Ola bilər ki, tapşırıqla 1 nəfəri meydana salarsan, amma bütün komandanı tapşırıqla qura bilməzsən axı. Bu, idarə deyil. Belə oyunçuların naşılığı mütləq meydanda bilinəcək. Şəxsən mən bununla rastlaşmamışam.

– Ayxan Abbasovun təyinatından sonra millinin çıxışını necə qiymətləndirərdiniz?

– Fransa və Ukrayna yığması ilə oyunlar bizə inam verdi. Ümid edirəm ki, Bakıda İslandiya və Fransa yığmaları ilə görüşlərdə daha yaxşı çıxış edəcəyik. Ayxan müəllim həm yaxşı məşqçi, həm də gözəl insandır. Mənim elə “Şüvəlan”a getməyimdə onun da böyük rolu olmuşdu.

– Bunlar öz yerində. Amma indi dilimizə bir söz düşüb: şərəfli uduzmaq. Buna sevinirik. Baxırsan, Farer adalarına, 12 xal toplayır…

– Fransa millisi çox güclüdür, onu bir kənara qoyaq, amma biz Ukrayna ilə matçda komandamızın top saxlamaq bacarığını da gördük. Qol vəziyyətləri də yaratdıq. Öz yerli məşqçimiz belə oynada bilir də, xaricdən məşqçi gətirməyə ehtiyac yoxdur.

– Futbolsuzluğumuzun fonunda “Qarabağ”ın nəticələri haqda nə deyərdiniz?

– Klubda işi düzgün görürlər. Qurban Qurbanov doğru sistem formalaşdırıb. Klubda birlik və hallalıq var. Heç kim “Benfika”nı məğlub edəcəyimizi gözləmirdi, amma komandamız bunu bacardı. Əsas inanmaq lazımdır.

– “Neftçi”nin problemləri nədir bəs?

– Hər dəfə heyəti dəyişirlər, amma yenə də alınmır. Baş aça bilmirəm. Samir Abasovun fəaliyyətini “Sumqayıt”da və ilk dönəmdə “Neftçi”ni çempion edəndə yaxşı dəyərləndirirdim, amma nəsə indi o da komandanı böhrandan çıxara bilmir. Nə üçünsə yığıb-yığışdıra bilmir.

– “Şəmkir”sizliyi hiss edirsiniz?

– Komandanın vəziyyəti heç də yaxşı deyil. Vüqar Nadirov çətin sınaq qarşısındadır. Əlbəttə, bu komandanı yuxarılarda görmək istəyirik. Biz Şəmkirin fəxri adamlarıyıq. Ardıcıl 2 il çempion olduq, o biri mövsüm də çempionluğa doğru irəliləyirdik, çempionatı saxladılar. Mən istəmişəm ki, Şəmkirdə nağara ifaçısı kimi tanınım, amma onlar məni futbolçu kimi sevib. Şəmkirin toyları da bilirsiz də necə keçib?! Milyoner toyları. Orada müntəzəm toylara getsəydim, multimilyoner olardım.

– İndiki dövrdə oynasaydınız, o dövrdəki keyfiyyətlərinizlə necə futbolçu olardınız?

– 5-10 ən yaxşı futbolçudan biri kimi tanınardım. Milliyə də dəvət alardım. İndikilərdən geri qalmazdım. Hələ indi bu vəziyyətdə yaxşı futbol oynayıram.

– Hacıqabulda qohumlarınızdan birinin dəfn mərasimində molla izdihama xitab edərkən deyib ki, ay camaat 9 metrə kənara çəkilin, siz də demisiz ki, bu “canlı sədd düzəldir”?

– Hə, belə olub, rəhmətə gedən cavan oğlan idi, adam da çox. Nə bilim, molla məhz 9 metr dedi. 6 deyə bilərdi, 11 deyə bilərdi, məhz 9 dedi. Elə bil mən ora gəldiyimə görə dedi. Mən də ətrafıma dedim ki, bu nə edir, cərimə zərbəsi vuracaqlar? Amma ucadan demədim də, cavan adam rəhmətə gedib, ayıbdır, bu qədər də etməzdim. Bax, bu söhbət belə yayıldı…

– Neçə övladınız var?

– Dörd.

– Nağara ilə məşğul olan var?

– Yox. Oğlanlarımdan biri futbol oynayırdı, o da axıra qədər getmədi. Ümumilikdə götürsək, 2 qızımı köçürmüşəm. Oğlanlarımdan biri hərbi xidmətdədir, digəri Vətən müharibəsinin iştirakçısı olub, indi Moskvada işləyir. Nağaraya gəlincə, nəslimizdə yalnız bacımoğlu Raqif Hacıqabulda məşhur davul ustasıdır. “İnstagram”ında da izləyicisinin sayı çoxdur.

İdman.Biz