“Qarabağ”ın prezidenti Tahir Gözəl növbəti dəfə AFFA və SOCAR prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubunun başqanı ondan üzləşdikləri problemin həllində köməklik istəyib.
Söhbət akademiyanın tikintisi üçün gözdən keçirilmiş ərazidən gedir. Hansı ki, həmin torpaq sahəsi SOCAR-ın balansındadır.
Neft şirkətinə aid ərazi “Qarabağ”ın yerləşdiyi və stadion tikdiyi yerə bitişikdir. “Köhlən atlar” uzun müddətdir ki, orada infrastruktur qurmaq və uşaq futbolunu inkişaf etdirmək niyyətindədir. Bununla bağlı hazırlanmış layihə illərdir ki, masanın üzərində “yatır”.
Qeyd edilib ki, “Qarabağ” həmin ərazini birdəfəlik satın almaq niyyətində deyil. Klubun məqsədi torpağı uzunmüddətli icarəyə götürməkdir. Klub orada akademiya binası tikmək, bir neçə meydança salmaq, uşaq və yeniyetmələr üçün baza qurmaq arzusundadır.