Almaniyanın “İnqolştadt” futbol komandası baş məşqçisi Sabrina Vittmannla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
35 yaşlı mütəxəssislə müqaviləyə Almaniya Üçüncü Liqasında mövsümə uğursuz startdan sonra xitam verilib. “İnqolştadt” hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Klub rəhbərliyi Vittmanna fəaliyyəti və komandaya verdiyi töhfəyə görə təşəkkür edib. Yeni baş məşqçinin adının yaxın zamanda açıqlanacağı bildirilib.
Sabrina Vittmann 2024-cü ilin mayında “İnqolştadt”ın əsas komandasına müvəqqəti baş məşqçi təyin olunub. Daha sonra onunla daimi müqavilə imzalanıb. Bununla da Vittmann Almaniya futbol tarixində peşəkar kişi komandasına rəhbərlik edən ilk qadın baş məşqçi olub.
Qeyd edək ki, Vittmann 2025-ci ilin yanvarında Pro lisenziya kursuna başlayıb və 2026-cı ilin yanvarında UEFA/DFB Pro məşqçilik lisenziyasını əldə edib.
