Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” - MÜSAHİBƏ

Müsahibə
11 Oktyabr 2025 14:05
39
Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” - MÜSAHİBƏ

“Qeyri-adi nəsə deməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Hansı rəqiblə oynadığımız bəllidir”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Toral Bayramov DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3 hesabıyla məğlub olduqları oyundan sonra deyib.

– Matçdan əvvəl komanda olaraq danışdıq ki, meydanın hər qarışı uğrunda mübarizə aparacağıq, təkbətən duellərdə uduzmayacağıq. Əlimizdən gələni etməyə çalışdıq, təəssüf ki, məğlub olduq. İnanıram ki, bu istək və əzmlə davam etsək, yaxşı nəticə əldə edəcəyik.

– Bu oyun təcrübə baxımından sizə nə qazandırdı?

– Rəqib Fransa idi, daimi hücumda olan komandadır. Bu tempə öyrəşmək lazımdır. Bizim çempionatda belə sürət, hücumlar olmur. Bu matç bizim gələcəyimiz üçün yaxşı oldu.

– Ukrayna ilə oyun haqda nə düşünürsünüz?

– Əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək, əzmkar mübarizə göstərək.

– Bir neçə mövqedə oynayırsınız. Bu, baş məşqçilər üçün böyük üstünlükdür. Sizin üçün universallıq çətinlik yaratmır?

– Çətin olmur, artıq öyrəşmişəm. Klubumda da bir neçə mövqedə oynayıram. Baş məşqçi hansı mövqedə lazım bilirsə, orada canla-başla oynayıram. Komandaya xeyir verməyə çalışıram.

İdman.Biz