Vadim Abdullayev: “Neftçi”yə rahat rəqib olmağa gəlməmişdik” - MÜSAHİBƏ

Müsahibə
29 Sentyabr 2025 09:43
40
Vadim Abdullayev: “Neftçi”yə rahat rəqib olmağa gəlməmişdik” - MÜSAHİBƏ

“Neftçi” komandası öz meydanında oynayırdı. Xal almaq bizim üçün çox önəmli idi”.

Bu sözləri “Karvan-Yevlax” komandasının futbolçusu Vadim Abdullayev səfərdə “Neftçi” ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra sportnet.az-a müsahibəsi zamanı deyib.

31 yaşlı yarımmüdafiəçi əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

– Oyun gözlədiyimiz kimi oldu. “Neftçi” komandası həm keyfiyyət baxımından güclüdür, həm də öz meydanlarında oynayırdılar. Bunları nəzərə alsaq, xal almaq bizim üçün çox önəmli idi. Yaxşı nəticədir, çünki rəqib Azərbaycan çempionatında sözünü demiş, müəyyən səviyyədə olan komandadır. Bu gün xüsusilə qapıçımız və müdafiəmiz ön plana çıxmalı idi, bunu da bacardıq.

Hücum xəttində bir qədər çatışmazlıqlar var idi. Bu barədə nə deyə bilərsiniz?

– Açığı, nominal hücumçumuz meydanda yox idi, zədəlidir. Artıq 3-4 oyundur nominal hücumçusuz oynayırıq. Ona görə də müəyyən çətinliklər yaranır. Amma bu gün şanslarımız da oldu, epizodlar yaratdıq. Narazı deyilik, 1 xal götürdük, “Karvan” üçün çox önəmli idi.

Premyer Liqaya yeni qayıtmış “Karvan” olaraq, illərin “Neftçi”sinə qarşı oynamaq sizdə əlavə təzyiq yaratmırdı?

– Təzyiq müəyyən mənada var idi, çünki son 3 oyunda uduzmuşduq. Bu da bir qədər narahatlıq gətirirdi. Rəqib də bizə asan rəqib kimi baxırdı, amma düşünürəm ki, heç bir idmançı bunu qəbul etməz. Biz də bunu sübut etmək istəyirdik. Sadəcə, bura kimin üçünsə rahat rəqib olmaq üçün yox, vuruşmaq və mübarizə aparmaq üçün gəlmişdik. Allah da bizə yardım etdi.

Oyun ərzində həm siz, həm də komanda yoldaşlarınız daha aqressiv idiniz. Bu, nə ilə bağlı idi?

– Belə oyunlarda daha çox enerji itirən tərəf biz oluruq, bu da normaldır. Çox qaçan daha aqressivləşir, daha çox enerji sərf edir, hər təmasa reaksiya verir. Amma oyundan sonra hamı bir-biri ilə görüşdü.

İdman.biz