İspaniyalı mütəxəssis Cənubi Koreya millisinə rəhbərlik edəcək

1 Sentyabr 2026 13:14
86
İspaniyalı mütəxəssis Cənubi Koreya millisinə rəhbərlik edəcək

İspaniyalı mütəxəssis Robert Moreno futbol üzrə Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Koreya Futbol Assosiasiyası (KFA) məlumat yayıb.

48 yaşlı çalışdırıcı ilə noyabrın 27-dək nəzərdə tutulan və növbəti altı matçı əhatə edən müqavilə imzalanıb.

Sənəddə müddətin uzadılması ilə bağlı bənd də yer alıb. Təyinat xüsusi yaradılmış ekspert komissiyasının keçirdiyi açıq müsabiqənin yekunlarına əsasən gerçəkləşib.

Qeyd edək ki, R.Moreno bu postda DÇ-2026-dakı uğursuz çıxışdan sonra, iyunda istefa verən Hon Myen Bonu əvəzləyib. O, daha əvvəl İspaniya yığmasını (2019) və “Monako”nu (2019–2020) çalışdırıb. Onun son klubu Rusiyada “Soçi" (2023–2025) olub.

İdman.Biz