Azərbaycanın Elit/U-23 və gənclərdən ibarət velosiped yığmaları Gədəbəydə təlim-məşq toplanışına başlayıblar.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında keçirilir.
12 gün davam edəcək toplanış zamanı velosipedçilərin fiziki və funksional hazırlığının yüksəldilməsinə xüsusi diqqət ayrılacaq. Əsas məqsədlərdən biri yığma üzvlərinin qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmasıdır.
Elit/U-23 komandası ilk olaraq avqustun 27-30-da Türkiyənin Samsun şəhərində keçiriləcək “Tour of Samsun” yarışında mübarizə aparacaq. Azərbaycan velosipedçiləri daha sonra sentyabrın 3-6-da “Tour of Istanbul”da qüvvələrini sınayacaqlar.
“Tour of Samsun” UCI təqvimində 2.2, “Tour of Istanbul” isə 2.1 kateqoriyalı yarış kimi keçiriləcək.
Gədəbəydəki hazırlıq yalnız Türkiyədəki turnirlərə hesablanmayıb. Toplanış eyni zamanda oktyabrda Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq şose velosipedi üzrə Avropa çempionatına hazırlığın mühüm mərhələlərindən biri olacaq.
