Naxçıvan şəhərində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Velo Fest” velosiped festivalı keçirilib.
İdman.Biz xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyi ilə birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən festivalın məqsədi sağlam həyat tərzinin və idmana marağın təşviqi, velosipeddən ekoloji nəqliyyat vasitəsi kimi istifadənin genişləndirilməsi, velosiped mədəniyyətinin inkişaf etdirilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilinə töhfə vermək olub.
Festivaldan öncə peşəkar velosipedçilər ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Ordubad şəhərindən Naxçıvan şəhərinədək 96 km, sonra isə həvəskarlarla birgə şəhər daxilində 7 kilometrlik yürüşlə ümumilikdə 103 km məsafə qət ediblər.
Yürüş yekunlaşdıqdan sonra "Saat Meydanı" Turistik İstirahət Mərkəzində festivalın açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ölkədə idmanın inkişafına və gənclərin sağlam həyat tərzinə cəlb olunmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü idman siyasəti nəticəsində ölkədə idmanın kütləviləşdirilməsi, gənclərin idmana cəlb olunması və onların sağlam həyat tərzinin formalaşdırılması istiqamətində mühüm işlər görülür. Tədbirin əhəmiyyətindən bəhs edən nazir müavini Naxçıvanda bundan öncə təşkil velosiped idmanı üzrə ənənəvi tədbirlərin davamı olaraq velosiped festivalını bu sahədə həyata keçirilən təşviqat işlərinə töhvə kimi qiymətləndirib.
Çıxışlardan sonra festivalın təşkilinə dəstək göstərən qurumlara, eləcə də veloyürüşdə fəal iştirak edən gənclərə təşəkkürnamələr təqdim olunub.
Festivalın bədii hissəsində incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, festival ərazisində fotosərgi, rəsm master-klassı, maarifləndirici təlim sessiyası və viktorinalar keçirilib.
