Bakıda məktəblilər arasında velosiped yarışı keçiriləcək

25 Sentyabr 2026 18:51
77
Bakıda məktəblilər arasında velosiped yarışı keçiriləcək

Bakı şəhərində məktəblilər arasında velosiped idmanının təşviqinə yönəlmiş yeni yarış layihəsinə start verilir.

İdman.Biz xəbər verir ki, Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEQİUGVM) birgə təşkilatçılığı ilə keçiriləcək yarışın ilk mərhələsi sentyabrın 29-da Xətai rayonundakı 254 nömrəli tam orta məktəbdə baş tutacaq.

Yarışda Bakının müxtəlif rayonlarını təmsil edən məktəblilərin iştirakı nəzərdə tutulur. Reqlamentə əsasən, hər komandanın tərkibi 2013-2014-cü il təvəllüdlü minimum 3 oğlan və 1 qız velosipedçidən ibarət olacaq.

Yarışın rayon mərhələlərində qrup ötüşməsi üzrə ən yaxşı nəticə göstərən iştirakçılar finala vəsiqə qazanacaqlar.

Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanına marağı artırmaq, uşaqları aktiv və sağlam həyat tərzinə cəlb etmək, onların idman bacarıqlarını inkişaf etdirmək və velosiped idmanında perspektivli gənc istedadları müəyyənləşdirməkdir.

İdman.Biz