Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır - FOTO

7 May 2026 17:59
155
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır - FOTO

Mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı öncəsi Təşkilat Komitəsinin yekun iclası keçirilib.

İdman.Biz xəbər verir ki, Respublika Velotrekində təşkil olunan tədbirdə yarışa hazırlıq işlərinin vəziyyəti ətraflı müzakirə olunub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışının Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, bu mötəbər yarışın uğurla keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülüb və artıq əminliklə demək olar ki, beynəlxalq idman tədbirinə hazırlıq işləri tam başa çatıb. Artıq bir neçə komanda Bakıdadır və yarışa hazırlıqlarını paytaxtımızda davam etdirirlər.

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru, Avropa Velosipedçilər Birliyinin (UEC) fəxri baş katibi, isveçrəli Roland Hofer böyük velosiped yarışlarının yenidən Azərbaycana qayıtmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirib və bildirib ki, təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. O, qeyd edib ki, marşrut boyunca təhlükəsizlik, logistika, tibbi xidmət və texniki təminat məsələləri beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub.

Roland Hofer vurğulayıb ki, Bakı-Xankəndi marşrutu həm idman baxımından, həm də Azərbaycanın təbii gözəlliklərini nümayiş etdirmək üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yarış iştirakçıları fərqli relyefə malik mərhələlərdə mübarizə aparacaq və bu da turnirin rəqabət səviyyəsini daha da artıracaq.

Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. Beş gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.

İdman.Biz
Məqalədə: