Bu gündən etibarən “Eurosport” və “Euronews” telekanallarında mayın 10-14 tarixlərində keçiriləcək "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışına həsr olunmuş təqdimat videoçarxının nümayişinə başlanıb.
İdman.Biz xəbər verir ki, videoçarxda yarış haqqında qısa məlumat, onun mərhələləri, yarış iştirakçılarının keçəcəyi ərazilər öz əksini tapır.
Xatırladırıq ki, bir Dünya Turu komandası, dörd Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yüksək səviyyəli, 2.1 kateqoriyalı bu yarışda iştirakını təsdiqləyib. Həmin komandalar haqqında məlumatları “bakukhankendi.az” saytından əldə etmək olar.
Beş mərhələdən ibarət olan "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının mərhələləri:
Birinci mərhələ, 10.05.2026
Yarış iştirakçıları “Sea Breeze Resort”da start götürərək Bakı şəhərinin görməli yerlərindən keçəcək və Sumqayıtda finişə çatacaqlar (158,4 km)
İkinci mərhələ, 11.05.2026
Bakı - Şamaxı - İsmayıllı (193,3 km)
Üçüncü mərhələ, 12.05.2026
Qəbələ - Oğuz - Şəki - Mingəçevir (162,9 km)
Dördüncü mərhələ, 13.05.2026
Gəncə - Göygöl - Goranboy - Suqovuşan - Talış - Naftalan (152,8 km)
Beşinci mərhələ, 14.05.2026
Tərtər - Ağdam - Füzuli - Şuşa - Xankəndi (181,5 km)
“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışı çox maraqlı və cəlbedici bir idman yarışı olmaqla bərabər, həm də ölkəmizin turizm potensialını, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq üçün müstəsna imkanlar yaradır.
Yarışın gedişini hər gün “Eurosport” və “CBC Sport” kanalları vasitəsilə canlı olaraq izləmək, bundan əlavə yarış günləri axşam “Eurosport” və “CBC Sport” kanallarında efirə veriləcək xüsusi verilişlər vasitəsilə, habelə “bakukhankendi.az” və “azvif.az” saytlarından ətraflı məlumat almaq olar.
