Gövhər Beydullayeva: “Ardıcıl 2-ci dəfə dünya çempionu olmaq çox qürurvericidir”

Xəbərlər
16 Oktyabr 2023 11:11
219
Gövhər Beydullayeva: “Ardıcıl 2-ci dəfə dünya çempionu olmaq çox qürurvericidir”

“Keçən il də bu şəhərdə mundialın adını qazanmışdım. Ardıcıl 2-ci dəfə dünya çempionu olmaq çox qürurverici hissdir”.

Bunu İdman.biz saytına İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid növündə dünya çempionu olan Gövhər Beydullayeva deyib.

O, reytinq favoriti olduğu yarışda ümidləri doğrultduğu üçün xoşbəxt olduğunu bildirib: “Keçən il olduğu kimi bu il də reytinq favoritlərindən biri idim. Rəqiblərim də çox güclü idi. Buna baxmayaq, işimin öhdəsindən gələrək çempion oldum. Blits üzrə dünya çempionatında da ölkəmizə qızıl medalla qayıdırıq. Sevinirik ki, 1 il öncə olduğu kimi yenə dünya çempionatından ölkəmizə 2 qızıl medalla qayıdırıq”.

Qeyd edək ki, Beydullayeva 11 oyundan 9 xal toplayaraq rapid növündə qızıl medal əldə edib. O, blits növündə isə bürünc medal əldə edib. 7,5 xal toplayan Gövhər liderdən 1 xal geri qalıb.

Emin Ağa

İdman.biz